Sevgim Rəhmanov: “Nazirlik onlarla məşğul olmalıdır”
İstehlak bazarında müşahidə olunan bahalaşma “Azersun Holdinq”ə qarşı ittihamların artmasına səbəb olub.
Bu da “Azersun”un in istehsal etdiyi məhsulların satış qiymətlərindəki artımla bağlıdır. Qeyd edək ki, ikinci devalvasiyadan sonra “Azersun”un istehsal etdiyi ərzaq və qeyri-ərzaq məhsullarının satışında 25 faiz artan qiymətlər, sonradan 50-100 faizə qədər çatdı. Məsələn, devalvasiyadan öncə 2 manata satılan 225 qr-lıq “Berqamot” çayı hazırda 4 manata, əvvəllər 2,80 qəpiyə satılan 250 qramlıq “Champion” çayı isə hazırda 4,20 AZN-ə təklif olunur.
1 litrlik “Final” qarğıdalı yağının satış qiyməti 2 manat 40 qəpikdən 3 manat 60 qəpiyə qədər qalxıb. 360 qr-lıq “Bizim Tarla” tomat pastası 80 qəpiyə satılırdısa, indi bu qiymət 1,73 AZN təşkil edir. 1,2 AZN-ə satılan 500 qramlıq “Azərşəkər” qəndin qiyməti iki dəfədən çox artaraq 2 manat 60 qəpik olub. Bu siyahını uzatmaq da olar. Ancaq qeyd edilən faktlar “Azersun Holdinq”in məhsullarının bahalaşdığını təsdiq etmək üçün yetərlidir. Həm də özlərinin iddia etdiyi kimi 30 faiz deyil, ən az 80-90 faiz.
Adıçəkilən şirkətlər qrupunun bu addımı bazarda inhisarçı mövqeyə malik olmasından istifadə edərək, süni qiymət artımına yol verməsi kimi qiymətləndirilir. Hətta bu problemə reaksiya Milli Məclis səviyyəsinə qədər gedib çıxıb.
Millət vəkili Zahid Oruc “Azersun”un bazarda monopoliya yaratmaqda ittiham edib: “Adamlar hələ minnət də qoyurlar ki, on minlərlə insana istehsal mədəniyyəti, istehsal intizamı və s. gətiriblər. Sanki “Azersun” olmasaydı, Azərbaycan insanı burjuaziyanın nə olduğunu bilməyəcəkdi. “Azersun” düşünür ki, 10 min insanı Afrikadan, İrandan, ya da Türkiyədən gətirməli imişlər”- deyən Z.Oruc ardınca şirkəti bazara saxta məhsullar çıxarmaqda ittiham edib. Z.Oruc deyib: “Azersun” Çindən gətirilmiş hazır konsentratın üstündə bir az da emal prosesi həyata keçirib Azərbaycan xalqının mədəsinə “tomat”ı tökür. Bundan sonra bizim səhiyyə müəssisələrimizə, tibbi qurumlarımıza nə qədər xəstə müraciət edir”.
“Azersun Holdinq” isə Z.Orucun bu tənqidinə kəskin reaksiya verib: “Bu gün mətbuatda millət vəkili Zahid Oruc bəzi qrupların təşviqi ilə Azərbaycanın mövcud iqtisadi vəziyyətində birləşdirici deyil, dağıdıcı mövqe nümayiş etdirərək iftiralara başlayıb. Xaricə pomidor ixrac edən “Azərsun Holdinq”i, Çindən tomat konsentratı gətirməkdə ittiham edərək, gülünc mövqe sərgiləyib. Buna inanan və şübhəsi olan hər kəs Azərbaycana Çindən tomat pastası gətirilib-gətirilməməsi barədə Dövlət Gömrük Komitəsindən məlumat ala bilər. Şirkətin bu çətin dönəmdə Azərbaycan xalqı və dövlətinə necə dəstək ola biləcəyini, böhrandan çıxış yollarını araşdırdığı bir zamanda, millət vəkilinin bu ali statusa yaraşmayan iftiralara başlaması təəssüf doğurur.
Minlərlə çeşiddə məhsul istehsal edən, on minlərlə iş yeri yaradan, yüz minlərlə insanın məşğulluğuna şərait yaradan bir qurumun da fəaliyyəti göz önündədir, Zahid Orucun da fəaliyyəti və həyat yolu”.
Onu da qeyd edək ki, “Azersun Holdinq”in maddi istehsal bazasının geniş olması və məhsulların satış qiyməti barədə məlumatların müəyyən qədər ziddiyyət təşkil etməsidir. Belə ki, “Azersun Holdinq”iri kənd təsərrüfatı kompleksinə sahib olduğunu bildirir. Şirkət tərəfindən 10 min hektardan çox ərazidə əkinlər həyata keçirilir. Adıçəkilən şirkətlər qrupu Biləsuvar rayonunda 3400 ha ərazidə soya, pomidor, arpa, buğda, yaşıl noxud, qarğıdalı, günəbaxan, xiyar, badımcan, bibər, patisson və digər tərəvəzlərin əkinini həyata keçirir.
“Azersun Holdinq”in rəsmi məlumatına görə, tarlalarda tərəvəz və bostan bitkiləri, 400 mindən artıq nar və heyva ağacı əkilib. Həmçinin kənd təsərrüfatı kompleksi nəzdində Zaqatalada yerləşən illik emal gücü 15 000 ton olan fındıq zavodu da fəaliyyət göstərir. “Azersun” həmçinin, şəkər çuğunduru istehsalını artıracağını elan edib. Masallıda 100 hektarlıq ərazidə müasir çay plantasiyası salır. Azərbaycanın müxtəlif bölgələrində ümumilikdə illik istehsal gücü 300 mln. şərti banka vahidi olan 4 konserv emal zavoduna sahibdir. Konserv zavodlarının xammalı şirkətlər qrupunun kənd təsərrüfatı kompleksindən və regiondakı 3000-dən artıq fermerdən məhsul qəbulu hesabına təmin olunur.
Kürdəmirdə fəaliyyət göstərən süd kompleksi gündə 120 ton süd emal edir. Bundan başqa, İmişli Şəkər Zavodu il ərzində 700 000 ton olan şəkər istehsal etmək gücünə malikdir. “Azərsun Holdinq” Bakıdakı “Sun Tea” çay fabriki illlik ortalama 15 000 ton istehsal gücünə malik, qara çay, yaşıl çay, meyvəli çayların istehsalı ilə məşğuldur. Həmçinin şirkət tərəfindən müxtəlif duzlar, günəbaxan və qarğıdalı duru yağları, paketləşdirilmiş bitki yağı, əridilmiş GHEE yağları, eyni zamanda qənnadı, şirniyyat fabrikləri üçün sənaye yağları istehsal olunur. Şirkətlər qrupunun nəzdində fəaliyyət göstərən yağ fabrikində, eyni zamanda müxtəlif markalarla kərə yağı da istehsal edilir.
“Azersun Holdinq” in bu rəsmi məlumatlarına əsaslansaq, yerli xammal bazasının geniş olduğu halda istehsal olunan məhsulların qiymətini artırması üçün ciddi səbəblərin olduğunu söyləmək çətindir.
Xaricə pomidor, tomat ixrac edən “Azərsun” o zaman bu məhsulların qiymətini niyə ötən ilin yanvar ayı ilə müqayisədə 80-90 faiz qaldırıb? Prezident bu məsələ ilə bağlı nə demişdi: “Yerli məhsulların qiymətinin qalxması yolverilməzdir”.
Bəzi ekspertlər isə “Azersun”un qiymət artımını məhsulun qablaşdırılmasında istifadə olunan xammalın xaricdən gətirilməsi ilə izah edirlər. Ona görə də şirkətlər qrupunun verdiyi açıqlamada ya şişirdilməyə yol verilir, yəni xammalın bir hissəsinin idxal edilməsi faktı gizlədilir, ya da maddi istehsal bazasının geniş olduğu halda qiymətlərin artırılması inhisarçılıqla izah edilə bilər.
Tacirlər və İstehlakçılar Birliyinin sədri Sevgim Rəhmanovun fikrincə, yaranmış problemi həll etmək üçün qanunvericilikdəki boşluğu aradan qaldırmaq lazımdır. Bu da Azərbaycanda ticarət haqqında qanunun olmaması ilə bağlıdır: “Qanunvericilikdə süni qiymət artımı ifadəsi yoxdur. Yalnız strateji əhəmiyyətə malik məhsulların tarifləri sahibkar tərəfindən hüquqi əsas olmadan artırılarsa, buna süni qiymət artımı deyilir. Amma Tarif Şurası tərəfindən tənzimlənməyən mal və məhsulların qiymətini sahibkar vergisini ödəmək şərti ilə sata bilər.
O ki qaldı “Azersun Holdinq”ə, həmin şirkət Azərbaycana gələndə mağazalara verdiyi malların əksəriyyətinin hesab fakturası yox idi. İndi də bu hallar davam edir. Bu da Azərbaycanda ticarət haqqında qanunun olmaması ilə bağlıdır. 2014-cü ilin may ayında Nazirlər Kabinetinin ticarətin tənzimlənməsi haqqında qərarı var ki, o da işləmir. Ona görə də “Ticarət haqqında” qanun mütləq qəbul edilməlidir. Ticarət obyektləri özbaşına endirimlər edir. Axı endirim haqqında qaydalar Azərbaycanda yoxdur.
Sərəncamlarla, hansısa məmurun sözü ilə bazar iqtisadiyyatını idarə etmək olmaz. Topdansatış və pərakəndə satış ticarəti arasındakı fərq qanunvericiliklə müəyyən edilməyib. “Azersun” da öz məhsullarını topdansatışla məşğul olan dükanlara məsələn, 2 manata verirdisə, onlar da 5 manata satırdılar. Əldə etdikləri gəlirdən də “Azersun”a ödəyirdilər. Bu zaman süni qiymət artımı yaranırdı.
“Azersun”un istehsal etdiyi məhsulların bir qismi, tutaq ki, yağın bir qismini xaricdən çəlləklərdə idxal edir. Əgər tədarükçü tərəf qiyməti artırısa, bu da artırmağa məcbur olur. Burada istehsal olunmuş günəbaxan, qarğıdalı yağlarının hazırlanması üçün də xüsusi qatqılar lazımdır ki, o da xaricdən idxal edilir. Bu da qiymətə təsir edir. Sahibkar istehsal etdiyi məhsulu vergini ödəmək şərtilə istədiyi qiymətə sata bilər. Bu gün ajiotaj yaratmamaq üçün, məmurların təzyiqlərindən qorxduğuna görə, ola bilsin ki, açıq şəkildə demir”.
Ekspert bildirdi ki, Azərbaycanda “Azersun Holdinq”in və ya başqa şirkətin monopoliyası qeydə alınarsa, bunun qarşısı “İnhisarçılığa Qarşı Mübarizə Tədbirləri” haqqında qanunla alına bilər. Həmin qanuna görə, istehlak bazarında 33 faizdən artıq paya malik olan şirkətlər inhisarçı hesab edilir: “Sement zavodu da inhisarçıdır, “Azərişıq” da inhisarçıdır. Amma onları dövlət yaradıb. ”Azersun” isə özəl şirkətdir. Bunun yaratdığı inhisarçılıq problemi ilə İqtisaiyyat Nazirliyi yanında Antiinhisar və İstehlakçıların Hüquqlarının Müdafiəsi Xidməti məşğul olmalıdır”. (cebhe.info)