Bu gün Azərbaycan Dövlət İnformasiya Agentliyinin – AZƏRTAC-ın yaranmasının 98-ci ili tamam olur.
1919-cu il martın 3-də Azərbaycan Xalq Cümhuriyyəti hökumətinin – Nazirlər Şurasının iclasında Azərbaycan Teleqraf Agentliyinin təşkili barədə məsələ müzakirəyə çıxarıldı. İclasda Nazirlər Şurasının sədri Fətəli Xan Xoyskinin bu barədə məruzəsi dinlənildi və agentliyin təşkil edilməsi xalq maarif naziri Nəsib bəy Usubbəyova tapşırıldı.
Sonradan bu səlahiyyət Maarif Nazirliyindən alınaraq Poçt və Teleqraf Nazirliyinə həvalə edildi. 1919-cu ilin ikinci yarısında AZƏRTAC-ın yaradılması haqqında qanun layihəsi və agentliyin əsasnaməsi hazırlandı.
1920-ci il fevralın 2-də agentliyin ştatlarının layihəsi və əsasnaməsi Milli Hökumətin iclasında müzakirə edilərək parlamentə təqdim olundu. Parlamentin fevralın 23-də keçirilən iclasında deputatlar Ağa Eminov və Ağa Aşurov AZƏRTAC-ın yaradılmasının zəruriliyini bir daha əsaslandırdılar.
Nəhayət, 1920-ci il martın 1-də Azərbaycanın ilk milli xəbər agentliyi fəaliyyətə başladı. Martın 2-də “Azərbaycan” qəzetində “AZƏRTAC” imzası ilə ilk xəbərlər dərc olundu. Lakin o, müstəqil agentlik kimi yalnız iki ay fəaliyyət göstərə bildi. Həmin il aprelin 28-də Azərbaycan Xalq Cümhuriyyətinin süqutu ilə AZƏRTAC-ın da çətin günləri başladı.
Azərbaycan dövlət müstəqilliyini bərpa etdikdən sonra AZƏRTAC öz inkişafının tam fərqli, keyfiyyət etibarilə yeni mərhələsini yaşamağa başlayıb.
Bu gün AZƏRTAC ölkə həyatının bütün sahələrinə dair hər gün fasiləsiz olaraq Azərbaycan, ingilis, rus, fransız, alman, ərəb və Çin dillərində operativ informasiyalar yayır. Bu sıraya ayda 10 mindən çox xəbər, 50 mindən çox foto, 1400-dək videoxəbər, eləcə də infoqrafika materialları daxildir. AZƏRTAC regionda 7 dildə informasiya və 5 dildə videoxəbər yayan yeganə agentlikdir. Ölkə həyatının bütün sahələrində baş verən hadisə və yenilikləri operativ işıqlandıran agentlik, eyni zamanda, informasiyanın qloballaşdığı dövrümüzdə müstəqil Azərbaycanın uğurlarının daha geniş coğrafiyada təbliğinə nail olub. Agentliyin xəbərləri hazırda dünyanın 100-dən çox ölkəsinə yayılır.
AZƏRTAC dünyanın 45 ölkəsinin milli informasiya agentlikləri ilə müqavilələr imzalayıb və onlarla uğurlu əməkdaşlıq edir.