“AzerTelecom” şirkətinin Baş direktoru Ana Nakaşidze ötən həftə Dubayda (BƏƏ) keçirilmiş Capacity Middle East tədbirində panel müzakirəsində çıxış edib. “Mövcud marşrutların diversifikasiyası Yaxın Şərqin internet kabel xəritəsini dəyişirmi?” mövzusunda keçirilmiş müzakirələrdə telekommunikasiya sahəsində fəaliyyət göstərən müxtəlif şirkətlərin rəhbər şəxsləri iştirak ediblər.
Panel müzakirəsi zamanı xüsusilə süni intellektin inkişafı və rabitə texnologiyalarının sürətli yayılması, eləcə də internet resurslarından asılılığın güclənməsi fonunda marşrutların şaxələndirilməsinə artan tələbat və beynəlxalq bağlantı xidmətlərinin davamlılığı məsələləri müzakirə edilib.
“Qlobal və regional şəraitin, eləcə də yeni texnologiyaların internetin yayılması coğrafiyasına təsir etməsi səbəbindən, Yaxın Şərq və qonşu region ölkələri bağlantı xidmətləri üçün yeni dəhlizlər və coğrafi imkanları axtarırlar. Cənubi Qafqaz və ya Orta dəhliz Yaxın Şərq üçün bağlantı xidmətlərinin təmini istiqamətində əvvəlki dövrlə müqayisədə daha önəmli və aktual marşruta çevrilir. Sözügedən regionda yeni, irimiqyaslı layihələrin həyata keçirilməsi bu marşrutun səmərəliliyinin artırılmasına və daha cəlbedici olmasına təsir göstərəcək”, — deyə Ana Nakaşidze vurğulayıb.
“Capacity Middle East” Yaxın Şərq və ətraf regionlardan 2600-dən çox İKT sahəsində fəaliyyət göstərən aparıcı şirkətləri cəlb edən əhəmiyyətli qlobal tədbirlərindən biridir. Tədbir telekommunikasiya operatorları, bulud texnologiyaları, kontent, proqram təminatları, məlumat mərkəzləri və digər sahələrin nümayəndələrini bir araya gətirir.
AzerTelecom Azərbaycanın aparıcı telekommunikasiya şirkəti olmaqla “NEQSOL Holding” beynəlxalq şirkətlər qrupunun Telekommunikasiya qrupuna daxildir.