Türk dünyasının fəxri, kimya sahəsi üzrə Nobel mükafatına layiq görülən professor Aziz Sancarın Bakı səfəri davam edir. Professor dünən Türkiyə səfirliyinin Nuri paşa salonunda təşkil etdiyi görüşdə iştirak edərək, ölkəmizdə təhsil alan türkiyəli tələbələrin suallarını cavablandırıb.
İlk olaraq Aziz Sancar Azərbaycanda olmaqdan məmnunluğunu ifadə edib:
“Azərbaycana sevgimiz Türkiyəyə olan sevgimiz qədərdir. Buna görə də Azərbaycana gəlməyi özümə vəzifə borcu hesab etdim. İlk dəfə Amerika xaricinə çıxıram və ilk dəfə Azərbaycana gəlməyi seçdim. Çünki Tükiyə üçün, Türkiyə türkləri üçün Azərbaycanın yeri xüsusidir. İnşallah, iki ölkə arasında olan əlaqələr daha da güclənəcək.”
Daha sonra Türkiyə səfirinin təhsil müşaviri Abdulqafur Büyükfırat söz alaraq, Aziz Sancardan tələbələrə məsləhət verməyini xahiş etdi. Sancar, həyatın sadə prinsiplər əsasında qurulduğunu qeyd etdi:
“Mənim sizə tövsiyyəm: hansı işlə məşğulsunuzsa, bütün gücünüzü o iş üçün ortaya qoyun. Hansı işi edirsinizsə, layiqincə edin. Ölkənizə, millətinizə, ailənizə bir borcunuz olduğunu əsla unutmayın. Həyat əslində çox da mürəkkəb deyil, həyatı sadə yaşamaq lazımdır. Həyatın qaydaları da çox sadədir, çox çalışın, çox uğur əldə edin. Gündəlik söz-söhbətə, siyasətə qarışmayın. Ölkədə kifayət qədər siyasətçi var, daha çoxuna ehtiyac yoxdur. Yaxşı yaşamaq üçün bunlar kifayətdir.”
Professor həmçinin sonuncu tədqiqatı barədə də məlumat verib. Professorun sözlərinə görə, siqaret insanın DNK-sına ciddi şəkildə zərər vurur, bu zədələnmiş hüceyrələr xərçəng xəstəliyinin təməlini qoyur. O, öz tələbələri ilə birlikdə siqaretin DNK-ya vurduğu zərərlərin xəritəsini hazırlayıb.
Görüşdə iştirak edən Şahlar Əsgərov, ən yaxşı universitetlərin siyahısında daha çox Qərb ölkələrinə aid təhsil ocaqlarının adının olduğunu söyləyərək, Aziz Sancara bu sualı verdi:
“Türkiyə və Azərbaycanda olan universitetlərin də bu siyahıya düşməsi üçün cənab İlham Əliyevə və cənab Ərdoğana hansı məsləhətləri verərdiniz?”
Aziz Sancar isə bunun üçün birinci növbədə ölkə daxilində lazımlı tədbirlərin görülməli olduğunu, kənardan yardım gözləməyin bir fayda verməyəcəyini bildirdi.
Görüşün ən yaddaqalan sualını isə azyaşlı məktəbli verdi. Məktəbli professordan bir insanın DNK-sının digərinə köçürülməsi zamanı hansı dəyişikliklərin olacağını soruşub.
Qeyd edək ki, tələbələrlə görüş iş adamı Hüseyn Büyükfıratın təşəbbüsü ilə keçirilib.