Son vaxtların ən böyük probleminə çevrilmiş Azpulmanat MMC kredit təşkilatından şikayətlər bitmək bilmir.
Yenicag.az xəbər verir ki, şikayətlərdən biri də Azpulmanat MMC əməkdaşlarının borclunun yaxınlarına, hətta tanımadığı adamlara zəng vuraraq təhdidlə danışması, qışqırıb-bağırması, borcu tələb etməsidir. Zəng vurduğu adamın kimliyini bilmədən bu təhdidin məntiqi anlaşılmazdır.
Belə ki, “Azpulmanat”dan pul götürmək üçün qeydiyyatdan keçən vətəndaşdan onun telefonuna giriş icazəsi istənilir. Kredit gecikdiriləndə isə həmin şəxsin telefonunun yaddaşında olan bütün nömrələrə zəng edib, hədə-qorxu gəlinir, guya onun nömrəsinin “zamin” kimi qeydə alındığı bildirilir.
Məsələ ilə bağlı Azpulmanat MMC-nin özünə müraciət ünvanladıqda “Əgər sizə zəng gəlirsə, bizə bildirin, nömrənizi silək” deyilir. Dolayısı ilə özləri də təsdiq edir ki, telefonun yaddaşındakı əlaqə nömrələrinə müdaxilə edirlər və istədikləri nömrəyə zəng etmək “hüququnu” özlərinə tanıyıblar.
Hüquqşünas Tahir Əlirzayev ümumiyyətlə bu cür sadə bir qeydiyyatla kredit verilməsinin tamamilə qanunsuz olduğunu deyib:
“Burada tərəflərin hüquq öhdəliklərini, məsuliyyətini müəyyən edən müqavilə yoxdur. O cür kreditin verilməsi qanunsuz kredit-bank fəaliyyətinin həyata keçirilməsidir”.
Hüquqşünas Şamil Paşayev isə bildirib ki, borclu şəxsin telefonuna müdaxilə edərək, zamin durmayan şəxsə zəng vurulması qanunsuzluqdur:
“Bu halla qarşılaşan vətəndaş məhkəməyə müraciət edə bilər“./axar.az