AZTV-də maliyyə nöqsanları – Vəzifəli şəxslər cəzalandırıldı

aztv-300x130Hesablama Palatası “Azərbaycan Televiziya və Radio Verilişləri” Qapalı Səhmdar Cəmiyyətinə ayrılan vəsaitlərinin istifadəsinin auditini həyata keçirib.

“Report”un xəbərinə görə, bu barədə “Azərbaycan Respublikası Hesablama Palatasının 2015-ci ildə fəaliyyəti haqqında” adlı hesabat sənədində bildirilib.
Sənədə əsasən, nəzarət tədbiri zamanı AZTV tərəfindən bir sıra nöqsanlara yol verildiyi müəyyən olunub.

Belə ki, UEFA Çempionlar Liqasının final oyunlarından reportajlar hazırlamaq üçün ezam olunan işçilərə artıq vəsait xərc edilib, proqram təminatı vaxtından əvvəl hesabdan silinib, videomaterialların yeni formata köçürülməsi, bərpası və geniş annotasiyalarının yazılması işlərini həyata keçirmək üçün yaradılan işçi qrupunun üzvlərinin əməyinin ödənişini tənzimləyən daxili qaydalar və normativlər müəyyən edilmədən onlara əlavə əmək haqqı hesablanıb, eləcə də təhtəlhesab şəxslərin hesablarına ödənilən, lakin istifadə edilməyən ezamiyyə xərcləri üzrə vəsautlər qaytarılarkən banka təhvil verilmədən, birbaşa kassaya mədaxil edilərək, sonradan təyinatı üzrə xərclərin ödənilməsinə yönəldilib.

Auditlə əhatə olunan dövrdə alınan material ehtiyatlarının dəyəri mühasibat hesabatında düzgün uçota alınmayıb, dekorasiya işlərinin və kitabların dəyəri uçota götürülməyib, işçilərə qonorarlar ödənilərkən hesablanmış qonorardan sosial sığorta haqqının hesablanması zamanı artıq vəsait ödənişinə yol verilib.

Hesablama Palatasına təqdim olunan məlumatlara görə, AZTV tərəfindən 25 min manat məbləğində vəsait dövlət büdcəsinə bərpa edilib, 823,4 min manat dəyərində əsas vəsaitlərin və 125,4 min manat dəyərində mal-materialların uçota alınması təmin edilib, eyni zamanda, işlərində nöqsanlara yol verən vəzifəli şəxslərlə bağlı intizam-tənbeh tədbirlərinin tətbiq edildiyi də göstərilir.

Qeyd edək ki, hesabat sənədi Milli Məclisə təqdim olunub. Sənəd aprelin 15-də Milli Məclisdə müzakirəyə çıxarılacaq.