Yazıçılar Birliyinin katibi İlqar Fəhmi “Muğam Televiziya Müsabiqəsi-2019” layihəsinin icraçısı təyin olunub.
Bu barədə Yenicag.az-a “Azərbaycan Televiziya və Radio Verilişləri” QSC-nin mətbuat xidmətinin rəhbəri Xatirə Qasım məlumat verib.
Müsabiqəyə Novruz bayramı ərəfəsində start veriləcək.
7-ci Muğam Televiziya Müsabiqəsinin münsifləri heyətinə xalq artistləri Əlibaba Məmmədov, Arif Babayev, Səkinə İsmayılova, Mələkxanım Əyyubova, Mənsum İbrahimov, Azərbaycan Bəstəkarlar İttifaqının katibi, Əməkdar incəsənət xadimi Sərdar Fərəcov, Azərbaycan Yazıçılar Birliyinin katibi İlqar Fəhmi daxildir.
Müsabiqə iştirakçılarını yeni tərkibli musiqiçi heyəti müşayiət edəcək.
Hazırda müsabiqə iştirakçılarının seçim turu davam edir. Bərdə, Gəncə, Şəki və İsmayıllıda regional dinləmələr başa çatıb. Fevralın 8-dən 11-nə qədər isə Bakıda – Beynəlxalq Muğam Mərkəzində seçim turu keçiriləcək və müsabiqə iştirakçılarının müəyyənləşdirilməsi prosesi yekunlaşacaq.
Qeyd edək ki, Muğam Televiziya Müsabiqəsi Heydər Əliyev Fondunun dəstəyi, Azərbaycan Mədəniyyət Fondunun layihəsi əsasında, Mədəniyyət Nazirliyinin yaxından iştirakı və Azərbaycan Televiziyasının təşkilatçılığı ilə keçirilir.
Cəvahir