Azyaşlıların NARKOMANİYA BƏLASI: Onları “Ağ ölüm”ün cəngindən necə xilas edək? – VİDEO

“Gənclərin narkomaniyaya meyllənmələrinə tüfeyli həyat, düşdükləri mühit, ailə münaqişələri, işsizlik və savadsızlıq da təsir edir”.

Ötən il Azərbaycanda rəsmi qeydiyyata alınan narkomanların sayında artım qeydə alınıb. Səhiyyə Nazirliyinin hesabatına görə, narkotik istifadəçiləri arasında 25-45 yaş arası insanlar üstünlük təşkil ediblər. 2014-cü ilədək Azərbaycanda rəsmi qeydiyyata alınmış narkotik istifadəçiləri arasında uşaqlar (yaşı 18-dək olanlar) olmasa da, son zamanlar məktəblilər arasında da narkotik vasitələrdən istifadə edənlərə rast gəlmək mümkündür.

Mövcud şəraitdə ölkədə narkomaniya ilə bağlı vəziyyəti dəyərləndirən ekspert Emil Maqalov Yenicag.az-a açıqlamasında bildirib ki, siqaret və ya qəlyan çəkən gənclər də yeni yayılmış kimyəvi narkotik istifadəçisi ola bilər:

“Əvvəl onu qeyd edim ki, 2014-cü ilə qədər yaşı 18-dək olan uşaqlar arasında narkotik istifadəçilərinin olmamasının bir neçə səbəbi var. Çünki həmin dövrlərdə narkomanların dilində “kakos” deyilən heroindən istifadə daha geniş yayılmışdı. 2017-ci ildən sonra “şüşə” adlı kimyəvi tərkibli narkotik bazarda yayılmağa başladı. Hətta 17 yaşlı uşaqlar da bu narkotikdən istifadəyə başladılar. Lakin mövcud şəraitdə məktəblilər arasında narkotik vasitələrdən istifadə halları geniş şəkildə yayılmayıb. Çünki karantin rejiminə qədər mütəmadi olaraq məktəblərdə şagirdlərlə təmannasız görüşlərim olurdu və hələ ki, təhlükəli vəziyyət müşahidə etməmişəm”.

Gənclərin narkomaniyaya meyllənməsinə təsir edən amillərə toxunan ekspertin sözlərinə görə, kütləvi informasiya vasitələrindəki yanlış təbliğat metodları da sözügedən problemin daha da dərinləşməsinə yol açır:

“Gənclərin narkomaniyaya meyl etməsində serialların, televiziya kanallarında Avropaya inteqrasiya adı altında gəncləri geri aparan məqsədyönlü verlişlərin yayımlanmasının rolu böyükdür. Digər tərəfdən, gənclərin tüfeyli həyat sürməsi, düşdükləri mühit, ailə münaqişələri, işsizlik və savadsızlıq da narkomaniyanın yayılmasına təkan verir”.

Narkomaniya ilə mübarizədə əsas problemlərin səhiyyə sistemində olduğunu vurğulayan Emil Maqalov hesab edir ki, apteklərdə bəzi ağrıkəsici dərmanların psixotrop maddələr adı altında satışına qadağa qoyulması çox mənfi haldır:

“Qadağan olunmuş dərmanların öz qiymətinə açıq satışa buraxılmasını tövsiyə edirəm. Çünki həmin dərmanlar vasitəsilə narkomanları vəziyyətdən çıxarmaq və daha sonra reabilitasiya mərkəzlərinə yerləşdirmək mümkündür. Narkotik istifadəçisinin müalicə ilə narkotikdən tamamilə uzaqlaşması mümkündür. Lakin müalicə ilə yanaşı, cəmiyyət və çevrənin rolu danılmazdır. Yaxşı olardı ki, narkoman şəxsin çevrəsindəki hər kəs onların düşdüyü mühitdən çıxarılmasına dəstək versin. Suqmayıt şəhərində bu cür praktika ilə bir binada yaşayan 9 nəfər narkomandan 6-sı düşdüyü vəziyyətdən çıxarılmışdı. Nəticədə onların mühiti tamamilə dəyişib. O baxımdan, narkoman dost və tanışların məcburi və ya könüllü şəkildə müalicəyə cəlb olunması müsbət nəticə verir. Əksər narkomanları isə məhz həyatındakı qorxduğu və ya sevdiyi şəxs sayəsində müalicə edib, sağaltmaq olur. Ən çətin vəziyyət isə sahibsiz narkomanlarla bağlıdır”.

Gənclər arasında narkomaniyaya meyli azaltmaq üçün dövlət səviyyəsində atılan addımlara toxunan ekspertin fikrincə, bu bəlanın aradan qaldırılmasında əsas vəzifə həm də cəmiyyətin üzərinə düşür:

“Bütün dünyada narkomaniyaya qarşı ciddi şəkildə mübarizə aparılır. Qonşu ölkələrlə müqayisədə Azərbaycanda bu sahədə vəziyyət daha yaxşıdır. Bütün hallarda narkomaniya ilə mübarizədə dövlət tərəfindən pulsuz müalicə ilə yanaşı, bir çox layihələr həyata keçirilir.

Narkomaniyanın aradan qaldırılmasında cəmiyyətin rolu böyükdür. Cəmiyyət narkoman şəxsi xalq düşməni hesab etməməlidir. Əksinə, hər kəs narkomanlara bu zərərli və təhlükəli vərdişdən əl çəkməkdə dəstək olmalıdır. Narkotik istifadəçiləri kiçik uşaq kimi olurlar, onlar ağrı yaşadıqda heç nə anlamır və heç kimi saymırlar. İmkanı olan hər kəs istənilən narkomana mənəvi dəstək olaraq, onlara cəmiyyətə lazımlı şəxs olduqlarını dərk etdirə bilsə, həmin şəxs düşdüyü vəziyyətdən çıxmağa və sağlam həyat tərzi yaşamağa can atacaq. Əgər cəmiyyət narkomanların normal həyata qayıdacağına ümid yaratsa, həmin şəxslərdə özlərinə inam yarana bilər”.

Gülşən Şərif