Kosovonun paytaxtı Priştina şəhərində keçirilən 15 və 17 yaşlı yeniyetmə ağır atletlər arasında Avropa birinciliyi davam edir.
Yenicag.az xəbər verir ki, yarışda 40-a yaxın ölkədən 305 atlet (175 oğlan və 130 qız) medallar uğrunda mübarizə aparır. Onların arasında bizim yığmanın da üzvləri var.
Bu gün onlardan daha biri – Tarmenxan Babayev körpücük üzərinə çıxıb. O, yaşı 15-ə qədər olan oğlan atletlərin 85 kq çəki dərəcəsindəki yarışına qatılıb.
Tarmenxan birdən qaldırma hərəkətində hər üç yanaşmasını uğurla yerinə yetirərək sonda 130 kq-ı ram etdi və ən yaxın izləyicisi olan bolqar Stefço Xristovu 15 kq qabaqlayaraq bu hərəkətdə 1-ci olub.
Babayev təkanla qaldırma hərəkətində daha möhtəşəm çıxış edib. O, ilk yanaşmasında 150 kq-ı ram edib. Bu, macar atlet Adrian Terebesinin bu ilin aprelində Tailandın Banqkok şəhərində keçirilən yeniyetmələrin dünya birinciliyində müəyyən etdiyi Avropa rekordunun (146 kq) düz 4 kq yenilənməsi demək idi. Babayev eyni zamanda həm də yunan atlet Evangelios Qaliatsatosun 2015-ci ildə İsveçin Landskrona şəhərində keçirilən yeniyetmələrin Avropa birinciliyində bu çəkidə toplamda müəyyən etdiyi Avropa rekordunu (276 kq) yeniləyib.
Ardınca atletimiz ikinci yanaşmasında 155 kq-ı qaldıraraq həm bu hərəkətdə, həm də toplamda daha 2 rekord yeniləyib. Sonuncu yanaşmasında 161 kq-ın da öhdəsindən gələn Tarmenxan, rekordlarının üstünə 2-sini də əlavə edib.
Atletimiz toplam 291 kq (130+161) nəticə ilə Avropa birinciliyində 1-ci yeri tutub. Tarmenxan Babayevin yaşı 15-ə qədər olan atletlərin birdən-birə 6 Avropa rekordunu yeniləməsi möhtəşəm göstəricidi. Belə nəticələrə çox nadir hallarda rast gəlinir.