“Babək Səmidlinin səs yazısı ilk dəfə 2020-ci ilin dekabr ayının ortalarında, təxminən 17-si və ya 18-ində yayılmışdı”.
Bu sözləri bəzi internet TV-lərdə Babək Səmidlinin səs yazısının yayılmasına görə ittiham olunan Azərbaycan Respublikasının Silahlı Qüvvələrinin hərbi polisinin keçmiş rəisi polkovnik, hərbi ekspert Rövşən Məhərrəmov Yenicag.az-a açıqlamasında deyib.
Rövşən Məhərrəmov bildirib ki, Babək Səmidlinin səs yazısının yayılmasında onun ittiham olunması şər, böhtan və yalandır:
“Ehtiyatda olan polkovnikəm. Mənim nə marağım ola bilər ki, bu səs yazısını yayımlayım. Bundan əlavə, xaricdə yaşayan jurnalist, bloqer, internet kanalları ilə heç bir əlaqəm yoxdur. Bunu dövlət qurumları tərəfindən araşdırmaq çətin deyil. 2020-ci ilin dekabr ayının ortalarında, təxminən 17-si və ya 18-ində bu səs yazısı yayılmışdı. Bildiyim qədər, Babək Səmidlinin valideynlərinin xahişindən sonra onu yayan şəxs səs yazısını silmişdi. Elə həmin vaxt səs yazısına qulaq asmışdım.
Bu səs yazısının yayılması ilə mənim heç bir əlaqəm yoxdur. Bu Qurban Məmmədovun mənə qarşı təxribatıdır.
2019-cu ildə Prezident İlham Əliyevə müraciətimdə evlərin necə verilməsi ilə bağlı detallı şəkildə məlumat vermişdim. Babək Səmidli desə də, deməsə də mən bunu çox gözəl bilirdim və bu barədə ölkə rəhbərinə məlumat vermişdim.
Bu iddialar Qurban Məmmədovun mənə qarşı apardığı oyundur. Müvafiq qurumlar həmin səs yazısının kim tərəfindən və nə məqsədlə yayılmasını araşdırır və onlar səbəbkarı biləcəklər. Ona görə də, alnım açıqdır. Bu mənə qarşı şər, böhtandır”.
Səxavət Məmməd