Bacısından Fədayənin dalınca danışan Rəqsanəyə CAVAB: “Yəni o qədər vicdansızdır ki…”

Rusiyada yaşasa da, tez-tez Azərbaycandakı həmkarlarnı hədəfə alan müğənni Rəqsanə İsmayılova bu dəfə tanınmış müğənni Fədayə Laçının bostanını daşlayıb.

O, Fədayə həbs olunanda ailəsinə maddi yardım göstərdiyini, lakin Fədayənin onun adını efirlərdə çəkmədiyini, yalnız Manaf Ağayevə minnətdarlıq etdiyini deyib. Rəqsanə həmçinin, Fədayənin getdiyi toylarda onun olmasını istəmədiyini də bildirib.

Yenicag.az-a açıqlama verən İlahə Fəda bacısı Fədayənin dalınca danışan Rəqsanənin cavabını verib:

“Fədayə bu söhbətə baş qoşmaz. Mən də ona görə bu söhbətə münasibət bildirdim ki, bacımın üstünə çox düşməsinlər. O, başı daşdan-daşa dəyən bir insandır. Oğlu da yanında, başını aşağı salıb sakit, rahat həyatını yaşamaq istəyir. Belə xırda söz-söhbətlərlə onu istəmirəm yorsunlar”.

İlahə Rəqsanənin Fədayənin getdiyi toylarda onun olmasını istəmədiyi ilə bağlı dediklərini də münasibət bildirib:

“Fədayə hec vaxt elə söz deməz! Çünki, Fədayənin sənəti var! Və sənəti olan insan üçün maraqlı deyil o toyda, o məclisdə kim olacaq. Sənəti olan oxuyanda Fədayə ləzzət alacaq, sənəti olmayan oxuyanda Fədayə güləcək. Yəni ki, sənətkar üçün dəxli yoxdur toya kim gələcək, kim gedəcək.

Nə Fədayə, nə də mən heç kimlə küsülü deyilik. Bütün musiqi aləmində hamıyla salam-sağolumuz olub. İstər bacım tutulan vaxtlar olsun, istərsə də əvvəllərdə də, yəni həm yaxşı, həm pis günlərimizdə. Bacımın çətin vaxtlarında sağ olsun, Tacirdən başqa bütün musiqiçilər bizə dəstək oldular. Ədalət Şükürov, Nadir Qafarzadə, Manaf Ağayev, Səməd Səmədov, Alim Qasımov, İlqar Muradov, rəhmətlik Rəmiş, Aftandil İsrafilov, Səkinə İsmayılova, Nazpəri Dostəliyeva, Zaur Rzayev, Brilliant Dadaşova, Röya Ayxan, Lalə Məmmədova, Sevda Yəhyayeva, Nura Suri, İradə İbrahimova və bacısı Nigar, rəqqasə Fatimə… Ola bilər kiminsə adını çəkmədim.

Birinin adını çəkmirəmsə, bu, qəsdən deyil. Bu, vicdansızlıq olar. İndi Fədayə çıxıb efirdə Manafın adını çəkib, Rəqsanənin adını çəkməyibsə, bu o demək deyil ki, Fədayə ilə Rəqsanə küsülüdür. Niyə küsülü olsunlar axı? Hansı səbəbə görə. Sənətləri eyni deyil ki, durub mahnı üstündə bir-birini qırsınlar. Hər ikisinin fərqli oxu tərzi var. Həm də Rəqsanə Fədayənin dar günündə ona dəstək olub. İndi Fədayə niyə Rəqsanənin adını çəkməsin ki? Bəyəm Fədayə o qədər vicdansızdır? Belə söhbətləri çox da şişirtmək lazım deyil. Adını çəkməyib,deməli yadından çıxıb. Elə adamlar var, yaxşılığını gizlin edir, istəmir kimsə dilə gətirsin, bəlkə heç adını ona görə çəkmək istəməyib.

Küsülü deyillər, kimsə ola bilər ki, onları küsdürmək istəsin, amma alınmayacaq. Buna heç əsas da yoxdur. Dediyim kimi, fərqli ifa tərzinə malikdirlər”.

Qeyd edək ki, Rəqsanə “ATV maqazin onlarla” verilişində Fədayə haqqında belə deyib:

“Fədayə həbsxanadan çıxanda dedi ki, Manaf Ağayev mənə yardım edib. Amma həmin məqamda ən çox mən onların yanında oldum. İndi onu heç axtarmıram da. Fədayəni Moskvaya gətirən mən oldum. Çünki mən onun yaşadığını yaşamasam da, ailəm yaşayıb. Yığdım müğənniləri ki, onun ailəsinə pul yığaq. Nura Suri sağ olsun, təklif ondan gəlmişdi. Xalq artistləri var idi ki, 50 manat göndərmişdi. Utandığımdan həmin siyahını cırdım. Hər şeydən əvvəl də anamı evlərinə göndərmişdim. Mənim kiməsə borcum yoxdur. Heç vaxt adımı çəkmədi.

Fədayə Laçınla heç vaxt yaxın dost olmamışam. Bir dəfə onunla eyni verilişdə idik. Qayıtdı ki, heç vaxt qalmaqalda olmamışam, olmayacam da. Amma gördün necə sınaqlardan keçdin? Fədayə bir nömrə olanda mənə kömək etmirdi. Tacir Şahmalıoğlu ilə bütün günü toylarda idilər. Əksinə məni vururdular, toylarda olmasın deyirdilər”.

Cəvahir