Reklam: High Technic
hightechnic
Reklam [Left] – 160×600
Reklam [Right] – 160×600

Badamdar çökəkliyində "batan" maşın bazarı - FOTOREPORTAJ

Azərbaycana gətirilən avtomobillərə tətbiq edilən idxal gömrük rüsumu 2018-ci il yanvar ayının 1-dən dəyişəcək. Ekspertlərin fikrincə, bu tətbiqin həyata keçirilməsi avtomobillərin satışına təsir edəcək.

Vəziyyəti öyrənmək üçün həftənin çərşənbə axşamı üz tutduq Bakının Badamdar qəsəbəsində yerləşən, daha çox ikinci əl avtomobillərin satıldığı maşın bazarına…

Əvvəllər giriş qapısında adamın üstünə “hücum çəkən” alverçiləri görərdik. İndi isə bazarda seyrəklik müşahidə olunur. Həm alıcı sayında, həm də avtomobil çeşidlərində monotonluq onu deməyə əsas verir ki, bazarda sükunət hələ də davam edir. Elə bir vəziyyət yaranıb ki, içəri daxil olarkən, “bazar olsun” deməyə adam tapmırsan. Qısacası, müşahidələrimiz zamanı bu nəticəyə gəlmək olar ki, maşın bazarının üstünü “qara buludlar” alıb.

Bazarda daha çox Yaponiya, Almaniya və Rusiya istehsalı olan “Toyota”, “Mercedes”, “BMW”, “Niva” markalı avtomobillər üstünlük təşkil edir. Son zamanlar daha çox gənclərin sürdüyü “Niva”markalı maşınlar alıcıların sayından qat-qat çoxdur. Bu, həm sözügedən avtomobilin dözümlüyü, həm də dağ rayonlarında da istifadə edilməsi ilə əlaqədardır. Məhz bu səbəbdən də onların qiyməti olduqca bahadır: təqribən 12 – 16 min manat arasında dəyişir.

Satıcılar bildirdilər ki, havaların soyuması ilə əlaqədar olaraq, alıcılıq qabiliyyəti əvvəlki kimi deyil və alış-veriş həftənin yalnız bazar günü əlverişlidir. Onlar bu vəziyyətin həm də onlayn-satışların ənənəvi avtomobil bazarını sıxışdırması ilə əlaqəli olduğunu bildirdilər.

6 ildir bazarda maşın alveri edən Pənah kişi deyir ki, indi maşın alanların sayı əvvəlki kimi deyil:

“Özüm maşın həvəskarıyam. İstənilən markada avtomobil satmışam. Müştərilərimin hamısı da razı qalıb. Çünki bazara maşın gətirməzdən əvvəl ona alıcı gözü ilə baxıram. Xarab maşını kim alar? Qardaş, vallah, bir dəfə inflyasiya oldu, sonra benzinin qiyməti qalxdı. Çox pis vəziyyətə düşdük. Hətta elə satıcılar oldu ki, bankrota düşməsin deyə, maşını aldığı qiymətə satdı. İndi də deyirsiniz ki, idxal gömrük rüsumu artacaq. Daha biz niyə alver edək ki? Gedək başqa işlə məşğul olaq da!”

Yeniyetmə yaşlarından maşın alveri ilə məşğul olan Hüseyn Məmmədov isə deyir ki, artıq bir neçə ildir ki, satdığı maşınlardan arzuolunan çörəkpulunu qazana bilmir:

“İndi camatın əvvəlki kimi pulu yoxdur. Ölkədə də günü-gündən bahalaşma gedir. Benzin bahalaşır, yumurtanın, ətin qiyməti artır…Biz də məcburuq benzin bahalaşdıqca maşınların da qiymətini artıraq. Bu soyuqda kefimizdən gəlib, dayanmırıq ki? Hər kəs istəyir ki, evinə bir tikə çörəkpulu aparsın. Gömrük rüsumunun da artırılması bizə heç sərf eləmir. Çünki bazara gələn indi ancaq ucuz maşınlara üstünlük verir. Baha maşına heç kim yaxın durmur. Rüsum da artandan sonra heç o maşınların üzünə baxan olmayacaq”.

Alıcılar isə deyir ki, benzin bahalaşandan sonra maşınların qiyməti kəllə-çarxa qalxıb. Gömrük rüsumu artandan sonra da ümumiyyətlə, maşın bazarına yaxın duran olmayacaq. Bununla da həm satıcı, həm alıcı çətin vəziyyətə düşəcək.

İlk dəfədir ki, dostları ilə birlikdə maşın almağa gələn Cavid qiymətlərin çox baha olduğunu və kor-peşman vəziyyətdə geri qayıtdığını dedi:

“Sürücülük vəsiqəsini çoxdan almışam. Lakin sürməyə maşınım yoxdur. Bazara gəldim ki, xarici maşın alım. Qiymətlər o qədər bahadır ki, yaxın durmaq olmur. Cibimdəki pul ancaq sovet maşınına çatır. Heyf ki, mən də “mexanika” sürə bilmirəm. Qiymətlər adamın əlini yandırır… Əşi, nə isə… yenə avtobus, yenə metro…”

Söhbət əsnasında uzaqdan bir nəfərin etiraz etdiyini də eşitdik. Nə baş verdiyini öyrənmək üçün həmin adama yaxınlaşdıq. Sanki bizi gözləyirmiş kimi ürəyini boşaltdı:

“Bax, ay qardaş, maşın almaq istəyirəm… daha doğrusu istəyirdim. Mənə dedilər ki, filan qiymətədir. Dedim ki, 1 ay bundan əvvəl belə deyildi axı. İndi qiymət od tutub yanır. İnsafları olsun da… Bir maşının qiyməti 2 otaqlı evin qiymətinə bərabərdir. Sonra da deyirlər, bazar boş qalıb. Belə qiymətə hansı ağıllı gəlib, maşın alacaq? Ona verdiyim pulu yavaş-yavaş xərcləyib, kefimi çəkərəm də!”

Maşın bazarındakı avtomobil mərkəzlərindən birinin rəhbəri Fuad Əliyev 33 ildir ki, bu işlə məşğuldur və dediyinə görə, inflyasiyadan sonra bazar çöküb. “Əvvəlki alıcı olmadığına görə, maşın satmaq çətindir. Gələn ilin əvvəlindən maşınların qiyməti arta da bilər, azala da… Salonumuzda maşın çeşidləri çoxdur. Məsələn, “Jeep Wrangler” (dizel motor) qiyməti 36 min dollardır. Rüsumun tətbiqindən sonra həmin maşının qiyməti enib 30 min, qalxıb, 50 min də ola bilər. Hər iki ehtimal bizim cibimizə ziyandır. Əgər həmin maşının qiyməti qalxsa, onu alan olmayacaq.

Həmçinin, avronun, dolların qiymətinin tez-tez dəyişməsi də bazara təsir göstərir. Almaniyada 12-13 avroya satılan avtomobili Bakıya gətirəndə qiyməti 28-30 minə gəlib, çıxır. Əvvəllər camaat Almaniyadan maşın alırdı. İndi isə ora maşın satmağa gedirlər. Özünüz də müşahidə etsəniz, görərsiniz ki, əvvəllər bazarda adam əlindən tərpənmək olmurdu, indi kimisə görəndə sevinirik. Buna görə də rüsum tətbiq edilərkən, əhalinin yalnız yüksək təbəqəsini deyil, aşağı təbəqəsini də nəzərə almaq lazımdır”.

Beləcə, maşın bazarında keçirtdiyimiz iki-üç saat nəticəsində o qənaətə gəldik ki, inflyasiyanın olması, benzinin qiymətinin artmasından sonra heç kim daxili gömrük rüsumunun artırılmasının tərəfdarı deyil. Satıcı və alıcıların fikrincə, gələn ilin əvvəlindən bu rüsumun artırılması maşın bazarının artıq çökməsi deməkdir.

Elvin Paşazadə

www.yenicag.az

6014
SFERA
AZNEWS
MATC
redaktor.az
MARGIN-BOTTOM