!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

“Bağdad yetimxanasındakı azərbaycanlı uşaqlar Bakıya gətirilsin” - Millət vəkili

!Reklam – Yazi

Millət vəkili Qənirə Paşayeva Milli Məclisddə imkanlı insanları Təlafərdəki soydaşlarımıza dəstəyə və müvafiq qurumları Bağdad yetimxanasındakı 20 azərbaycanlı uşağı ölkəmizə gətirməyə çağırıb.

Yenicag.az xəbər verir ki, Q.Paşayeva bu gün Milli Məclisin iclasında bir neçə gün əvvəl İraqa səfəri barədə, Bağdad yetimxanasında ziyarət etdiyi azərbaycanlı uşaqlarla görüşü barədə danışıb: “Bu uşaqların valideynləri ya beyinləri yuyularaq ya da maddi olaraq şirnikləndirilərək İŞİD terror təşkilatına dəstək üçün Suriyaya, oradan da İraqa gəliblər. İraq dövlətinin terrorla mübarizəsi çərçivəsində öldürülüblər və uşaqları yetim qalıb. İraq dövləti onları yetimxanaya yerləşdirib və hər bir ölkə səfirliyinə məlumat verərək onların öz ölkələrinə aparılmasının vacibliyini bildiriblər. Uşaqlar böyük acı içindədir. Onlarla danışanda insan çox üzülür. İnsanı dəhşətə gətirir ki, onların valideynlərinin beyinlərini din pərdəsi arxasında gizlənənlər və əslində dinlə əlaqəsi olmayan işlərlə məşğul olanlar o qədər yuya biliblər və ya o qədər şirnikləndirə biliblər ki onlar kiçik yaşlı uşaqlarının da özləri ilə birlikdə həyatlarını heç düşünməyiblər və terrör təşkilarına dəstək olublar. İnsanlarımızı cihad adı ilə Suriyaya, İraqa terror təşkilatlarına dəstəyə aparanlara qarşı mübarizəmizi sərtləşdirməliyik. Bizim cihad üçün Qarabağ boyda dərdimiz, acımız, işğal olunan torpaqlarımız var. O uşaqların heç bir günahı yoxdur və onlar valideynlərinin əməllərinə görə məsuliyyət daşımırlar. İnanıram ki dövlətimiz onlara sahib duracaq, onları İraqdan Azərbaycana gətirəcək və doğru yolla böyümələri, yanlış yollara düşməmələri üçün addımlar atılacaq. Biz isə cəmiyyət olaraq din pərdəsi arxasında gizlənərək uşaqlarımızın, gənclərimizin beynini yuyaraq onları Suriya, İraq kimi ölkələrə apararaq İŞID kimi terror təşkilatlarına qatanlara qarşı ciddi mübarizə aparmalıyıq. Gənclərimizin beynini yuyan həmin insanların əslində dinlə heç bir əlaqəsi yoxdur, sadəcə öz maraqları üçün gənclərimizin beynini yanlış dini alqılarla yuyaraq öz maraqları üçün istifadə edirlər. Sonucda sadəcə Bağdad yetimxanasında 20 körpə uşaq atasız-anasız qalıb. Bu məsələyə cəmiyyət olaraq daha çox diqqət ayırmalıyıq. Həmin terror təşkilatlarının ən cox zülm verdiyi insanlar arasında bizim soydaşlarımız var, İraqda yaşayan türkmanlar. İŞİD Təlafərdə bizim soydaşlarımıza qarşı dəhşətli acı yaşadıb. İnsanların əksəriyyəti öz evindən didərgin düşüb, Təlafər dağıdılıb. Terrorla mübarizə çərçivəsində Təlafər terror təşkilatlarından təmizləndikdən sonra insanlar öz evlərinə qayıtmağa başlayıblar, amma ciddi problemlərlə üzləşiblər. Biz İraqda onlarla da görüşdük və çox üzüldük vəziyyətlərinə. Təlafərdən köçkün düşmüş türkmanların ciddi dəstəyə ehtiyacları var və onlar Türk dünyasından, Türk dövlətlərindən dəstək gözləyirlər. Məktəb, tibb ocağı və sair kimi vacib obyektlərin tikintisi, ağır vəziyyətə düşmüş ailələrə dəstək üçün. Biz köçkünlüyün nə olduğunu çox yaxşı bilirik və onları da ən yaxşı biz anlayarıq. İnanıram ki Azərbaycanın müvafiq qurumları, imkanlı iş adamları da bu məsələdə fəal olacaq və Təlafərdə soydaşlarımıza dəstək olacaq, məktəb, tibb ocağı, mədəniyyət mərkəzi və s. kimi vacib məsələlərin tikilərək Azərbaycana adına onlara hədiyyə edilməsinə çalışacaqlar. Mən onları buna çağırıram və Türkman soydaşlarımızın bununla bağlı çağırışını da buradan səsləndirmək istəyirəm”.

www.yenicag.az

1612
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv