Bağlanan banklara borclar necə ödəniləcək?

ca399b13ae1e9b7fa3e85239a76f7d19Akif Nəsirli: “Təhvil-təslim prosesində bağlanan bankların vəsaiti hara yerləşdiriləcəksə, müştəri də aldığı krediti məhz ora ödəyəcək”

Artıq bir neçə bank mövcud şəraitə uyğunlaşa bilməyərək bağlanıb. Bu sayın artacağı da gözlənilir. Bu fonda banklara kredit borcu olanlar həmin borcu necə ödəyə biləcəkləri barədə müəyyən tərəddüdə düşüblər.

Bağlanan banklara kredit borcları olanlar görəsən, onu hara ödəməlidirlər?

Liberal İqtisadçılar İctimai Birliyinin sədri Akif Nəsirli Yenicag.az-a açıqlamasında bildirdi ki, bağlanan bankların vəsaiti harda yerləşdiriləcəksə, müştəri də kredit borcunu ora ödəməlidir: “Bağlanan banklara kredit dorcu olanların onu ödəməsi sahəsində hər hansı bir problem yoxdur. Bağlanan banklarla bağlı təhvil-təslim komissiyaları vardır. Bank bağlansa da, həmin inzibati binada hələlik öz fəaliyyətini göstərməkdə davam edir. Yəni bankın ləğv olunması prosesi xeyli müddət çəkir. Kredit borclarının köçürülməsi, başqa bankla birləşdirilməsi kimi məsələr var. Bütün hallarda bağlanan banklara kredit borclarının necə ödənilməsi məsələsi ciddi problem kəsb etmir. Borc alanlar indiyənə kimi onu hara və necə ödəyirdisə, bank bağlanandan sonra da, həmin yerə müraciət etməklə məsələni asanlıqla həll edə bilirlər. Bankların bağlanması da o demək deyil ki, bu proses ani olaraq baş verir. Belə deyil. Bağlanan banklar sadəcə olaraq daha kredit vermir, köçürmələri dayandırırlar. Amma müştərilərlə iş prosesini bir müddət davam etdirəcəklər ki, bu proses də 3-5 aya qədər çəkir. Bu müddət ərzində bağlanan bankların vəsaiti hara yerləşdiriləcəksə, hansı banka istiqamətləndiriləcəksə, müştəri də aldığı krediti məhz ora ödəyəcək. 3-5 ay ərzində bağlanan bankların işləməkdə davam etməsi də məhz vətəndaşın krediti hara ödəməsini bilməsi üçün yaradılan şəraitdir. Yəni bank bağlansa da, borclar ona geri alınır. Vətəndaşlara göstərirlər ki, kredit borcunu hara ödənilməlidir”.

ELÇİN