Bahalaşma fonunda “unudulan” RƏQABƏT MƏCƏLLƏSİ: “İnhisarçılıq məmurların yaratdığı mexanizmdir” – ŞƏRH

“İcra hakimiyyətində təmsil olunanların böyük əksəriyyəti Rəqabət Məcəlləsinin qəbul edilməsində maraqlı deyil”.

Bu fikirləri 15 ildir, gündəmdə olan Rəqabət Məcəlləsinin hələ də qəbul olunmamasının səbəblərini Yenicag.az-a şərh edən iqtisadçı Rəşad Həsənov deyib.

Onun sözlərinə görə, Rəqabət Məcəlləsinin qəbulu da ölkə iqtisadiyyatının liberallaşacağına təminat vermir:

“Bir məqamı vurğulamaq istərdim ki, bu, rüsumların artırılması ilə bağlı dövlət büdcəsi prosesində gündəmə gəlib. Yəni bu, parlamentin öz təşəbbüsü deyil. Bunlar icra hakimiyyəti orqanları tərəfindən irəli sürülmüş təşəbbüslərdir. Ona görə də son günlər bu məsələnin aktuallığı artıb.

O ki qaldı Rəqabət Məcəlləsinə, Azərbaycan təcrübəsi göstərir ki, parlamentin qanunvericilik təşəbbüsü çox zəifdir. Yəni bu təşəbbüslər daha çox icra hakimiyyəti orqanından gəlir. İcra hakimiyyətində təmsil olunanların böyük əksəriyyəti Rəqabət Məcəlləsinin qəbul edilməsində maraqlı deyil.

Çünki ölkədə mövcud olan inhisarçılıq daha çox onların “əsər”idir, yaratdıqları mexanizmdir. Rəqabət Məcəlləsinin qəbulu isə inhisarçılıq mexanizminin işləkliyi baxımından onlara müəyyən çətinliklər yarada bilər. Hətta Azərbaycanın Ümumdünya Ticarət Təşkilatı və Avropa İttifaqı ilə apardığı müzakirələrin əsas mövzularından biri məhz bu məsələdir.

Amma hesab edirəm ki, Rəqabət Məcəlləsinin 2022-ci ildə Milli Məclisin gündəminə gəlmək ehtimalı var. Hər halda, son dövrlərdə İqtisadiyyat Nazirliyinin bu istiqamətdə aktivləşdiyi müşahidə olunur. Lakin Rəqabət Məcəlləsinin qəbul olunub-olunmayacağı haqda qəti fikir bildirmək çətindir. Nəzərə alaq ki, Rəqabət Məcəlləsi ətrafında müzakirələr artıq 15 ildir, aparılır. Buna baxmayaraq, hələ də son nəticəni əldə etmək mümkün olmur.

Digər tərəfdən, Rəqabət Məcəlləsinin qəbul olunması ilə Azərbaycan iqtisadiyyatının liberallaşacağını düşünmək də doğru olmazdı. Fikrimcə, o qanun yenə işləməyəcək. Onun əsas əhəmiyyəti müvafiq hüquqi bazanın formalaşmasıdır ki, gələcəkdə idarəetmə təkmilləşəndə, bu prosesə əlavə vaxt itirilməsin”.

A.Zeynalov