Tarif Şurasının dünən keçirilmiş növbəti iclasında Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin (SOCAR) müraciəti əsasında “Aİ-92” markalı avtomobil benzininin pərakəndə satış qiymətinə baxılıb. İclasda “Aİ-92” markalı avtomobil benzininin pərakəndə satış qiyməti 1 litr üçün 90 qəpik səviyyəsində təsdiq edilib.
Yenicag.az benzinin qiymətinin qalxması ilə bağlı tanınmış idmançılar arasında sorğu keçirib.
“Rio-2016 ” Yay Olimpiya Oyunlarında gümüş medal qazanan cüdoçu Rüstəm Orucov benzinin qiymətində müşahidə olan qiymət artımından sonra maşınını dəyişmək barədə düşündüyünü bildirib:
“Benzinin qalxmasına münasibətim pisdir. Bunun nəyi yaxşı haldır? Əlbəttə, mənimlə yanaşı, hamının büdcəsinə təsir edəcək. Belə baxıram, ya velosipedə keçmək lazımdır, ya da dizellə işləyən maşına. Mənim maşınımın mühərrikinin həcmi 3-dür. “Aİ-92″ markalı benzindən istifadə edirəm. Deyəsən, artıq maşınımı dəyişməli olacam”.
Cüdo üzrə Dünya və Avropa çempionu olan Elxan Məmmədov isə sorğuya cavab vermək istəməyib. O, benzinin qalxmasının siyasi məsələ olduğunu düşünərək bunları deyib:
“Qardaş, bunlar siyasi məsələlərdir. Yox, mən bu barədə danışmaq istəmirəm”.
Millimizin və “Qarabağ”ın futbolçusu Əfran İsmayılov isə mövcud durumla barışmaqdan başqa çarə olmadığını düşünür:
“Benzinin qiyməti qalxıbsa, razılaşmalıyıq. Nə edə bilərik ki? Əlbəttə, hamını düşünürəm. Benzinin qiymətinin qalxması da, hər bir şey də Allahın izni ilə olur. Buna heç nə etmək olmaz. Qismət belədir. Hamının maşını var, benzindən də istifadə edir. Həqiqətən də qiymətin qalxmasını istəməzdik”.
Boks üzrə Dünya çempionu, Bakıda keçirilən IV İslam Həmrəyliyi Oyunlarının qızıl medalçısı Cavid Çələbiyev isə xəbəri normal qarşılayıb:
“Vallah, nə deyim? Xəbəri normal qarşıladım. Mənim maşınım yoxdur, piyada gəzirəm. Qiymətlər aşağı olsaydı, hamı üçün daha yaxşı olardı. Qiymətlər qalxdıqca, camaat əziyyət çəkir”.
Emin Səfərov
Yenicag.az