“Bahalaşmanı koronavirus yox, sürətlə varlanmağa çalışan sahibkarlar yaradır” – Vahid Məhərrəmov

“Azərbaycan digər ölkələrdən asılı vəziyyətdə qalmamaq üçün özünü kənd təsərrüfatı məhsulları ilə təmin etmək imkanında olmalıdır”.

Bu fikirləri Yenicag.az-a açıqlamasında koronavirus pandemiyasının kənd təsərrüfatına mümkün təsirini şərh edən aqrar mütəxəssis Vahid Məhərrəmov deyib.

Vahid Məhərrəmovun sözlərinə görə, hazırda ölkənin daxili bazarında, xüsusilə, kənd təsərrüfatı məhsullarında müşahidə olunan qiymət artımı koronavirus təhlükəsinin yox, sahibkarların vəziyyətdən sui-istifadə cəhdlərinin nəticəsidir:

“Bu gün bir çox kənd təsərrüfatı məhsullarının qiymətində artım müşahidə olunur. Lakin bahalaşmanın koronavirusla heç bir əlaqəsi yoxdur. Təəssüflər olsun ki, sahibkarlar ildə bir neçə dəfə bayram ərəfəsində vəziyyətdən sui-istifadə edərək, qiymətləri artırırlar”.

Mütəxəssis hesab edir ki, dünyada koronavirus pandemiyası indiki sürətlə yayılarsa, Azərbaycan bəzi məhsulların idxalına məhdudiyyət qoymalıdır:

“Azərbaycan balığı əsasən, Çindən idxal edir. Balığın istehsalı və ya qablaşdırılması prosesində virus xəstəlik daşıyıcısı kimi balıq vasitəsilə ölkəyə ayaq aça bilər. Eyni zamanda, kəsilmiş ət idxalına da müvəqqəti məhdudiyyət tətbiq edilməsinə ehtiyac var.

Ümumiyyətlə, Azərbaycan digər ölkələrdən asılı vəziyyətdə qalmamaq üçün özünü kənd təsərrüfatı məhsulları ilə təmin etmək imkanında olmalıdır”.

Gülşən Şərif

COP29