“Bahalaşmanın dayanmasını arzulasaq da, reallıq bunun əksini deyir” – Partiya sədri 

“Nəzərə almaq lazımdır ki, təqaüdlər hökumətin yaxşı işləməsi səbəbindən yox, qanunvericiliyin tələbi əsasında qaldırılır”.

Bu fikirləri Milli Məclisin komitə sədri Musa Quliyevin gələn ilin birinci yarısında bahalaşmanın tamamilə dayana biləcəyi haqda fikirlərini şərh edən Böyük Azərbaycan Partiyasının (BAP) sədri Elşad Musayev Yenicag.az-a açıqlamasında deyib.

Onun sözlərinə görə, belə nikbin bəyanatlara baxmayaraq, növbəti ildə də bahalaşmanın davam edəcəyi gözlənilir:

“Əlbəttə, deputatların və hökumət rəsmilərinin belə nikbin, yumşaq bəyanatlar verməyi təbiidir. Biz də çox istərdik ki, bahalaşma dayansın, inflyasiya aşağı düşsün. Amma bunun olması üçün ölkədə normal iqtisadi siyasət aparılmalıdır. Bu isə hələ ki hiss olunmur.

Ona görə indiki halda bahalaşmanın dayanması bizim arzumuz sayıla bilər. Lakin reallıq bunun əksini deyir. Belə düşünürəm ki, bahalaşma gələn il də davam edəcək. Doğrudur, gələn il üçün maaş və təqaüdlərin də artımı nəzərdə tutulur, bu barədə prezidentin sərəncamı var.

Ancaq onu da nəzərə almaq lazımdır ki, təqaüdlər hökumətin yaxşı işləməsi səbəbindən yox, qanunvericiliyin tələbi əsasında qaldırılır. Çünki ölkədə qeyd alınan inflyasiyaya uyğun qaydada təqaüdlər də artırılmalıdır.

Hökumət isə burada da əhalinin cibinə girir. Belə ki, inflyasiya iyirmi, otuz, qırx faiz olsa da, hökumət o həddi dörd faizdən götürür. O baxımdan, hökumətin fəaliyyəti haqlı narazılıq doğurur. Hesab edirəm ki, ölkənin iqtisadi sahəsinə baxan komanda zəif işləyir. Hər halda, növbəti ildə də bahalaşmanın davam edəcəyi gözlənilir”.

A.Zeynalov