Bahalaşmaya təsir edən daxili və xarici səbəblər… – “Fikrət Məmmədovla İQTİSADİ BAXIŞ” / VİDEO

“Fikrət Məmmədovla İQTİSADİ BAXIŞ” verilişi ilk buraxılışını təqdim edir.

Məlumdur ki, bu gün ölkənin istehlak bazarında bahalaşmanın davam etməsi müşahidə olunur. Ölkədə bahalaşmanın əsas hərəkətverici qüvvəsi isə xidmət və ərzaq məhsullarıdır. Çünki pandemiya dövründən sonra Rusiya-Ukrayna müharibəsinin başlaması və hələ də davam etməsi, qlobal iqtisadiyyatda inflyasiyanın yaşanması bir çox ölkələr kimi, Azərbaycana da təsirsiz ötüşməyib.

“Yeni Çağ” Media Qrupun yeni layihəsi olan iqtisadi verilişdə bahalaşmaya təsir edən amillərin təhlili ilə yaxından tanış ola biləcəksiniz.

Video:

Buraxılışın mətni:

Bu gün ölkə iqtisadiyyatda bərpa prosesi ilə yanaşı, istehlak bazarında bahalaşmanın davam etməsi müşahidə olunur. Ölkədə bahalaşmanın əsas hərəkətverici qüvvəsi xidmət və ərzaq məhsullarıdır. Ölkəmizdəki bahalaşma isə həm daxili, həm də xarici səbəblərlə əlaqədardır.

Pandemiya dövründən sonra Rusiya-Ukrayna müharibəsinin başlaması və hələ də davam etməsi, qlobal iqtisadiyyatda inflyasiyanın yaşanması bir çox ölkələr kimi, Azərbaycana da təsirsiz ötüşməyib. Bu baxımdan Azərbaycanda istehsal xərclərinin artması yerli məhsulların bahalaşmasında əsas rol oynayır. İstənilən halda ərzaq və qeyri-ərzaq məhsullarının bahalaşmasının vətəndaşların sosial rifahına mənfi təsiri danılmazdır. Ona görə də kəskin bahalaşmanın Azərbaycanda işgüzar fəallığa, əhalinin rifahına və alıcılıq qabiliyyətinə mənfi təsirinin qarşısının alınması məqsədilə təxirəsalınmaz antiinflyasiya tədbirlərinin gücləndirilməsi davam edir. Həmçinin daxili bazarda süni qiymət artımı üzərində monitorinqin gücləndirilməsi, sahibkarlar üçün güzəştli kredit və faiz subsidiyası mexanizminin tətbiqi, əhalinin istehlak etdiyi və emal sənayesində istifadə olunan əsas kənd təsərrüfatı məhsullarının istehsalın artırılması istiqamətində də tənzimləyici işlər görülür.

Əsas reallıq bundan ibarətdir ki, ərzaq və xidmət sektorunda qiymətlərin bahalaşmasının siyasi və iqtisadi səbəbləri olsa da, vətəndaşların əskəriyyəti sırf neftdən asılı ölkə olduğumuzu əsas gətirərək artım tempini qəbul etmək istəmirlər. Halbuki bu istiqamət üzrə vətəndaşların maarrifləndirilməsi cəmiyyət daxili aqressiyanın qarşısını ala bilər. Qiymətlərin bahalaşmasnın başlıca səbəbi pandemiya olsa da, Rusiya-Ukrayna müharibəsinin başlaması və hələ də davam etmısi iqtisadi artıma ciddi şəkildə təsir göstərib. Məlumdur ki, Ölkımizə idxal olunan qida və qida mıhsullarının, tikinti materiallarının və digər məhsulların əksəriyyətində Rusiya və Ukraynanın rolu böyükdür. Rusiyanın sanksiyalara məruz qalması fonunda istehsal sahələrində yaranmış problemlər və defisitlər, xarici şirkətlərin Rusiya bazarından anidən çıxması və nəticədə kəskin azalmanın müşahidə olunması daxili bazarında qiymət artımına səbəb oldu. Bu isə Rusiyadan ölkəmizə idxal olunan məhsulların qiymətində də artıma təsirsiz ötüşməyib. Rusiya-Ukrayna müharibəsinin təkcə sözügedən ölkələrə deyil, hətta digər ölkələrin də logistik və daşınma xərclərinin kəskin artımına yol açdığını deyə bilərik. Misal üçün, hər hansı bir məhsulun analizini aparaq. Tutaq ki, 1 litr günəbaxan yağının qiyməti əvvəllər 4 manat 44 qəpik idisə, hazırda 41,4 faiz artaraq 6 manat 28 qəpik olub.Səbəb məhsulun rusiyada qiymətinin təxmini 30 faizə qədər artması, eyni zamanda rusiyanın müəyyən şəhərindən daşınma xərci 1000-1500 dollar olduğu halda hazırda 2 dəfə artaraq 2500-3000$ arasında dəyişməsidir.

Bu gün dünyada olan ən ciddi problemlərdən biri taxıla tələbatın ödənilməsidir. Xüsusən Yaxın Şərqdə və Şimali Afrikada taxıla tələbin ödənilməsində yaşanan çətinliklər hətta inkişaf etmiş ölkələrdə də taxılın qiymətində artıma səbəb olub. Lakin belə hesab etmək olar ki, işğaldan azad olunan ərazilərdə mövcud olan böyük potensial yaxın gələcəkdə taxıla tələbatın ödənilməsi baxımından əlverişli şərait yaradacaq. İlkin qiymətləndirmələrə görə, həmin ərazilərimizdə əkin torpaq fondu 200 min hektardır. Onun 100 min hektarının bu ilin sonuna qədər tamamən minalardan təmizlənməsi gözlənilir. Bu isə taxıl daxil olmaqla, bir sıra strateji ərzaq məhsullarına tələbin ödənilməsində işğaldan azad olunmuş ərazilərimizin payının artırılmasına təkan verəcək. Bu isə yerli istehsalın artmasına və dünyada baş verən iqtisadi böhranlar fonunda ölkəmizdə ərzaq məhsullarının qiymətinin indiki qədər bahalaşmasına mane olacaq.

Məlumat üçün qeyd edim ki, “Azərbaycan Respublikasının 2022‒2026-cı illərdə sosial-iqtisadi inkişaf Strategiyası”nda da əsas hədəflər minimum istehlak səbətinə daxil olan ərzaq məhsulları üzrə tələbin tam olaraq yerli istehsal hesabına ödənilməsi ilə bağlıdır. Həmçinin iqtisadi bahalaşmaya adekvat olaraq milli valyutanın stabil saxlanması istiqamıtində də müvafiq addımlar görülür. Bu ilin statistikasına görə, 2022-ci ilin ötən dövründə manatın xarici valyutalara qarşı məzənnəsi valyuta bazarında tələb-təklif nisbətinə uyğun olaraq formalaşıb. Belə ki, bu ilin 9 ayı ərzində nağdsız valyuta bazarında aparılmış əməliyyatların həcmi ötən ilin müvafiq dövrünə nəzərən 16.3 faiz artaraq 22.3 milyard ABŞ dolları ekvivalentində olub. Ümumilikdə isə manatın məzənnəsi ticarət tərəfdaşı olan ölkələrin valyutalarına qarşı əsasən möhkəmlənmə istiqamətində dəyişib. Manatın məzənnəsi avroya, Türkiyə lirəsinə, İngiltərə funt-sterlinqinə, Qazaxıstan tengəsinə, İsveçrə frankına, Ukrayna qrivnasına qarşı bahalaşıb.

Son olaraq ölkə vətəndaşı olaraq hər birimiz yaxşı bilirik ki, yerli istehsalın inkişafının artırılması və bazarda yerli məhsulların çoxluğu milli iqtisadiyyatla yanaşı, sosial rifahın yüksəlməsi üçün də arzuolunandır. Ümid edirik ki, iqtisadi sahəyə göstərilən yüksək diqqət nəticəsində ölkəmiz yaxın gələcəkdə məhz made in azerbaijan devizi ilə öz məhsullarını dünya bazarında da tanıdacaq.