Bakı Atatürk Liseyində Ulu Öndərin xatirəsi anıldı – FOTO

Ulu öndər Heydər Əliyevin vəfatının 15-ci ildönümü ilə bağlı Türk Dünyası Araşdırmaları Vəqfi Bakı Atatürk Liseyində anım tədbiri keçirilib.

Liseydən Yenicag.az-a verilən məlumata görə, tədbirdə əvvəlcə Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib. Sonra Azərbaycanın və Türkiyənin dövlət himnləri səsləndirilib.

Tədbirdə iştirak etmək üçün Türkiyədən gəlmiş Türk Dünyası Araşdırmaları Vəqfinin başqanı Közhan Yazqan çıxışında ulu öndər Heydər Əliyevin zəngin dövlətçilik təcrübəsi, böyük istedadı ilə fərqlənən xarizmatik lider olduğunu bildirib. Dahi lider Heydər Əliyevin Azərbaycan dövlətinin və xalqının taleyində oynadığı tarixi roldan, ölkəmizin gələcəyi üçün göstərdiyi misilsiz xidmətlərdən bəhs edən Közhan Yazqan Ümummilli Liderin layiqli davamçısı olan Prezident İlham Əliyevin həyata keçirdiyi islahatlar sayəsində Azərbaycanın gündən-günə gücləndiyini, beynəlxalq aləmdə müstəqil və sarsılmaz mövqeyə sahib olduğunu vurğulayıb. O, çıxışında Ulu Öndərin Azərbaycan-Türkiyə münasibətlərinin yüksəlişindəki əvəzsiz rolundan da bəhs edib.

Liseyin müdiri Hüseyn Dəmirəl isə ümummilli lider Heydər Əliyevin Azərbaycanın inkişafı naminə göstərdiyi fəaliyyətdən, onun müdrik və uzaqgörən siyasətindən, ölkəmizin və xalqımızın müstəqilliyi uğrunda verdiyi taleyüklü qərarlardan danışıb. O, ulu öndər Heydər Əliyevin ölkə həyatının bütün sahələrinə, o cümlədən elm və təhsilə daim böyük diqqət yetirdiyini bildirib. Vurğulayıb ki, Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyev istər sovet dövründə, istərsə də müstəqillik illərində hakimiyyətdə olduğu zaman bütün sahələr kimi, təhsil sahəsinə də xüsusi diqqət və qayğı ilə yanaşıb.

Anım tədbirində liseyin şagirdləri Ulu Öndərə həsr edilmiş şeirlər söyləyiblər. Tədbirdə, həmçinin müxtəlif dövlət başçılarının Heydər Əliyev haqqında söylədikləri fikirlər səsləndirilib, dahi şəxsiyyətin fəaliyyəti haqqında videoçarx nümayiş olunub.

COP29