Türk Dünyası Araşdırmaları Vəqfi Bakı Atatürk Liseyində yeni tədris ilinin başlanması münasibətilə tədbir keçirilib.
Yenicag.az xəbər verir ki, mərasim Ulu öndərlər Heydər Əliyevin və Mustafa Kamal Atatürkün, Türk Dünyası Araşdırmaları Vəqfinin qurucusu Turan Yazqanın, Bakı Atatürk Liseyinin mərhum müdiri Ali Devrimin və şəhidlərin xatirəsinin birdəqiqəlik sükutla yad edilməsi, həmçinin Azərbaycan və Türkiyənin dövlət himnlərinin oxunması ilə başlayıb.
Sonra çıxış edən liseyin müdiri Hüseyn Demirel müəllim və şagirdləri 15 Sentyabr – Bilik günü və yeni tədris ilinin başlanması münasibətilə təbrik edib, onlara uğurlar arzulayıb.
Azərbaycanda təhsilə dövlət tərəfindən xüsusi diqqət göstərildiyini deyən lisey müdiri əlavə edib ki, Azərbaycanın ictimai-siyasi həyatının bütün sahələrində olduğu kimi təhsil sektorunda da ciddi irəliləyişlər, uğurlar əldə edilib:
“Azərbaycan xalqının Ümummilli lideri Heydər Əliyev tərəfindən əsası qoyulan təhsil strategiyasını bu gün Prezident İlham Əliyev uğurla davam etdirir. Ölkənin sosial-iqtisadi inkişafı ilə bağlı qəbul olunan Dövlət proqramları, Azərbaycanın Birinci vitse-prezidenti Mehriban xanım Əliyevanın rəhbərlik etdiyi Heydər Əliyev Fondunun həyata keçirtdiyi “Yeniləşən Azərbaycana yeni məktəb” Proqramı və digər irimiqyaslı layihələr qarşıya qoyulan vəzifələrin icrasına, tədris müəssisələrinin maddi-texniki bazasının möhkəmlənməsinə yönəldilib”.
Bu məktəbin rəhmətlik Turan Yazqanın bir yadigarı olduğunu deyən H. Demirel ötən dərs ilində qazanılan uğurlardan ətraflı bəhs edib. O da qeyd olunub ki, 2017-2018-ci tədris ilində Bakı Atatürk Liseyində 82 şagird I sinifə gedəcək.
Mərasimdə çıxış edən Türk Dünyası Araşdırmaları Vəqfinin başqanı Közhan Yazqan “Rəhmətlik Turan Yazqan hocamız Bakı Atatürk Liseyinə xüsusi bir önəm verirdi. O, Bakı Atatürk Liseyindən “göz bəbəyim” deyə bəhs edirdi”, – deyib.
Yazqan bu il fəaliyyətinin 25-ci ilönümü qeyd olunan liseyin bundan sonra da Azərbaycana və Türk dünyasına şərəflə xidmət edəcəyini söyləyib:
“Bakı Atatürk Liseyi ötən 25 il ərzində üzərinə düşən vəzifələrin öhdəsindən layiqincə gəldi və bundan sonra da gəlməyə, milli düşüncəli, ölkəsinə, xalqına, Türk dünyasına yararlı gəncləri yetişdirməyə davam edəcək. Mən fürsətdən istifadə edib, liseyimizin müəllim və şagird kollektivini təbrik edirəm”.
Daha sonra çıxış edən Nəsimi rayon İcra Hakimiyyətinin nümayəndəsi Müşfiq Kərimli rayon rəhbərliyi adından məktəbin müəllim və şagird kollektivini təbrik edib, rayonda təhsil sahəsində görülən işlərdən danışıb.
Məktəbin müəllimi Sabir Alim isə aprel döyüşlərində Azərbaycan Ordusunun qəhrəmanlığı, Lələtəpə əməliyyatında qazanılmış qələbənin tarixi əhəmiyyəti, Prezident İlham Əliyevin torpaqların işğaldan azad edilməsi istiqamətində genişmiqyaslı fəaliyyəti, Cəbrayıl rayonunun Cocuq Mərcanlı kəndinin bərpası və yerli əhalinin oraya köçürülməsi ilə başlanan böyük qayıdışın siyasi və sosial mahiyyəti barədə ətraflı məlumat verib.
Tədbirdə həmçinin, liseyin müəllimləri İlhamə Məmmədova, Mərvə Altıbarmak və başqaları çıxış edərək, təhsilimizə göstərilən dövlət qayğısından bəhs edib, müəllim və şagirdlərə təhsildə nailiyyətlər arzulayıblar.
Tədbir lisey şagirdlərinin hazırladıqları bədii proqramla davam edib.