Bakı bulvarının ərazisi genişləndiriləcək

Şəhərlərdə yaşıllıqların və açıq sahələrin artırılması prioritetdir və bu Bakının Baş planında da əsas yer tutur.

Bunu Milli Şəhərsalma Forumunda “Ekoloji cəhətdən davamlı və dayanıqlı şəhər inkişafı” sessiyasında ekologiya və təbii sərvətlər nazirinin müavini Firdovsi Əliyev deyib

“Şəhərin Baş planına əsasən, Bakıda hazırda yaşıllıq sahələrinin 920 hektardan 3169 hektara çatdırılması hədəfdədir. 2040-cı ilə qədər Bakı bulvarının ərazisinin də sahəsi genişləndirilərək 25 kilometrdən çox olacaq”.

Nazir müavini azad olunmuş ərazilərdə dayanıqlı şəhər konsepsiyasının həyat keçirildiyini vurğulayıb: “8 aydan qısa müddətdə Füzulidə hava limanı tikildi, hazırda Laçın və Zəngilanda da hava limanları tikilir. Zəngilanın zəngin təbiəti nəzərə alınaraq bura park şəhərinə çevrilməsi baxışı ilə inşa edilir. Azad olunmuş torpaqlarda “yaşıl iqtisadiyyat”, “yaşıl kənd təsərrüfatı”, “ağıllı kəndlər” inşa edilir. Bu torpaqlarda 2050-ci ilə qədər sıfır emissiya zonası yaradılması planlaşdırılıb”.