Cari ilin yanvar-iyun aylarında Bakıda pərakəndə ticarət dövriyyəsinin həcmi 2023-cü ilin eyni dövrünə nisbətən müqayisəli qiymətlərlə 4,5 faiz artaraq 15 milyard 892,1 milyon manat olub.
Yenicag.az Bakı Şəhər Statistika İdarəsinə istinadla xəbər verir ki, qeyri-dövlət sektorunun təsərrüfat subyektləri tərəfindən satılmış məhsulların həcmi əvvəlki ilin səviyyəsini 4,4 faiz üstələyərək 15 milyard 848,5 milyon manat təşkil edib.
Hesabat dövründə paytaxtın pərakəndə ticarət şəbəkəsindən bir istehlakçı 2023-cü ilin birinci yarımillə müqayisədə orta hesabla ayda 44,1 manat çox əmtəə alıb.
Cari ilin hesabat dövründə pərakəndə ticarət şəbəkəsində satılmış ərzaq məhsulları, içkilər və tütün məmulatlarının dəyəri 2023-cü ilin müvafiq dövrünə nisbətən 0,6 faiz artaraq 9116,8 milyon manata, qeyri-ərzaq məhsullarının həcmi isə 10,5 faiz artaraq 6775,3 milyon manata bərabər olub. Dövriyyənin ümumi həcmində ərzaq məhsulları, içkilər və tütün məmulatlarının xüsusi çəkisi əvvəlki ilin eyni dövrü ilə müqayisədə 0,6 faiz azalaraq 57,4 faiz təşkil edib.
Hesabat dövründə istehlakçıların pərakəndə ticarət şəbəkəsində xərclədiyi vəsaitin 57,4 faizi ərzaq məhsulları, içkilər və tütün məmulatlarının, 13,4 faizi toxuculuq məhsulları, geyim, ayaqqabıların, 4,7 faizi elektrik malları və mebelin, 3,6 faizi kompüterlər, telekommunikasiya avadanlıqları və çap məhsullarının, 4,0 faizi əczaçılıq və tibbi malların, 8,2 faizi avtomobil yanacağının, 8,7 faizi isə digər qeyri-ərzaq məhsullarının alınmasına sərf olunub.