Bakı Fransaya nota verdi

53421Xarici İşlər Nazirliyinin Mətbuat xidmətinin rəhbəri Hikmət Hacıyev Azərbaycan Respublikasının Ermənistan tərəfindən işğal olunmuş ərazilərində yaradılmış qondarma rejimin nümayəndələrinin Fransaya səfəri məsələsini şərh edib.

Yenicag.az anspress-ə istinadən xəbər verir ki, o deyib ki, Azərbaycanın Ermənistan tərəfindən işğal olunmuş ərazilərində rəsmi İrəvan tərəfindən yaradılmış qondarma rejimin nümayəndəsi Bako Saakyan və onu müşayiət edən şəxslərin bu il mayın 17-19-da Fransaya səfəri ilə əlaqədar Fransanın Azərbaycan Respublikasındakı səfiri Paskal Mönye mayın 20-də Xarici İşlər Nazirliyinə çağırılıb və xarici işlər nazirinin müavini Xələf Xələfov tərəfindən Fransa səfirinə etiraz notası təqdim edilib.

Nazir müavini Xələf Xələfov tərəfindən bu kimi faktların, eləcə də Fransa Milli Məclisinin deputatlarının bu il mayın 3-də qondarma rejimin “parlamenti”nə keçirilmiş “seçkilər”də “müşahidəçi” kimi iştirakının Azərbaycan ilə Fransa arasında inkişaf etməkdə olan dostluq və tərəfdaşlıq münasibətlərinin ruhuna, eləcə də Fransanın ATƏT-in Minsk Qrupunun həmsədri kimi mandatına uyğun gəlmədiyi və Ermənistan-Azərbaycan münaqişəsinin həllinə xələl gətirdiyi qeyd olundu.

İkili standartların təzahürü kimi qiymətləndirilən bu kimi halların Azərbaycan ilə Fransa arasındakı münasibətlərin mövcud vəziyyətinə də mənfi təsir etdiyi diqqətə çatdırıldı.

Səfir Paskal Mönye təqdim olunan notanın və Azərbaycanın ciddi narahatlığının ölkəsinə çatdırılacağını bildirdi.