Bakı-Gəncə qatarında gediş haqqı artırılıb. Belə ki, gediş haqqı standart yerlər üçün 10 manatdan 20 manata, biznes yerlər üçün isə 25 manatdan 33 manata çatdırılıb. Bu dəyişiklik isə cəmiyyətdə birmənalı qarşılanmayıb.
Mövzu ilə bağlı iqtisadçı Natiq Cəfərli Yenicag.az-a açıqlamasında bildirib ki, Bakı-Gəncə sürət qatarında qiymətlərin qalxmasının məntiqi əsası yoxdur:
“Əgər 3-4 nəfərlik üzvü olan bir ailə 20 manatdan bilet alsa, ümumi məbləğ 80 manat tutacaq. Halbuki Bakıdan Gəncəyə və əks istiqamətdə avtomobildən istifadə etmək daha sərfəlidir. Çünki indiki şəraitdə Gəncəyə avtomobillə 3 saat yarıma rahat və tez çatmaq mümkündür. Yəni qiymət müəyyən olunmadan öncə alternativ variantlar da nəzərə alınmalıdır. Adambaşına maksimum 10 manatla hesablayanda bir ailə 50 manata Gəncəyə çata bilir. Əgər qatarların boş gedib-gəlməsini istəyirlərsə, bu halda qiymət artımında məntiq axtarmaq mümkündür.
İndiki şəraitdə elektrik enerjisinin qiyməti artmayıbsa və digər xərclərlə bağlı hansısa artım olmayıbsa, bu halda gediş haqqının artmasının səbəbi ciddi suallar yaradır. Təəssüf ki, qurum bununla bağlı izahat da vermir. Normalda vergilərin, kommunal xidmətlərin və ya elektrik enerjisinin qiymət artımı bahalaşmanın əsas səbəbləri olur. İndiki halda belə bir artımla bağlı rəsmi məlumat yoxdur. Gediş haqqının artması fonunda qatarlar boş gedib, boş gələcək. Buna görə də məlum dəyişikliyin Azərbaycan dövlətinə və “Azərbaycan Dəmir Yolları”na hansı xeyri verəcəyi sual doğurur. Onsuz da əvvəllər də qatardan istifadə edənlərin sayı çox deyildi. İndi isə daha da azalacaq. Yaranan suallara cavab verən hansısa məmurun və ya rəsmi şəxsin olmaması təəssüf doğurur”.
Gülşən Şərif