“Bakı heykəltəraşlıq şəhəri” – Xətai abidəsinin yaradılış tarixi – FOTO

Bakı şəhərində bir çox maraqlı abidələr var. Şairlərimiz, bəstəkarlarımız, rəssamlarımızın unudulmaması üçün, eləcə də  qürur yerimiz olan bu şəxsiyyətləri bütün dünyaya tanıtmaq üçün abidələrini ucaldırıq.

Lakin Şah İsmayıl Xətainin adı verilən metro stansiyasının qarşısında ucaldılan abidəsi istisnadır.
Bu abidə şəhər mərkəzində də qoyulmayıb. Ora şagirdlər, tələbələr  və turistlər də getmir. Hətta Şah İsmayıl Xətainin kim olduğunu və nəyə görə abidəsinin ucaldıldığını bilməyənlər də az deyil.

Şah İsmayıl Xətai (17 iyul 1487 — 23 may 1524) kimi tanınan I İsmayıl Azərbaycanın və İranın şahənşahı, sərkərdə və şair, Səfəvilər sülaləsinin hökmdarı, Səfəvi dövlətinin banisidir.

Şah İsmayıl Cənubi Azərbaycanın Ərdəbil şəhəri kökənli olub, Səfəvilər nəslindən olan Əli əl-Murtəzai Xətainin davamçıları – Cüneydin nəvəsi, Heydərin oğlu idi. Milliyyəti Azərbaycan türkü olan bu görkəmli şəxsiyyət azərbaycan dilində şeirlər yazırdı.

1502-ci ildə Təbrizi öz əsarəti altına alan İsmayıl, özünü Azərbaycanın şahı elan edir və sonrakı fəthlərə başlayır. 1510-cu ildə artıq bütün İran, İraqın və Orta Asiyanın bir hissəsi onun hakimiyyəti altında idi.

Beləliklə, Səfəvilər imperiyası adı altında Azərbaycan dövləti yarandı. Dövlətin 74 əmirindən 69-u azərbaycanlı idi. Azərbaycan türkləri Səfəvi ordusunun özülünü təşkil edirdi.

Şah sarayında və diplomatik yazışmalarda azərbaycan dili istifadə edilirdi. Buna, şah İsmayılın macar kralına Azərbaycan dilində yazdığı məktubları da dəlalət edir. Birinci İsmayıl eyni zamanda, “Xətai” təxəllüsü ilə tarixə möhtəşəm əsərlər qoyan Azərbaycan ədəbiyyatının və poeziyasının klassiki sayılır. Bundan başqa o, ovçuluqla maraqlanır, at çapmağı sevirdi, rəsm və kalliqrafiya texnikasına bələd idi. Yaxşı səsə və böyük fiziki gücə malik idi. Bir çox xalq əfsanələrinin və dastanların qəhrəman personajıdır.

Karl Marks onun haqqında yazıb: “Səfəvilər xanədanının banisi Şah İsmayıl fateh idi. O, on dörd illik hakimiyyəti dövründə on dörd əyalət fəth etmişdi”.

1524-cü ildə 37 yaşlı Ərdəbilə atasının məqbərəsinə gələn İsmayıl gözlənilmədən vəfat edib. O, Şeyx Səfi məqbərəsində dəfn edilib.

Bəstəkar Müslüm Maqomayev Şah İsmayıl Xətainin xatirəsinə “Şah İsmayıl” operasını (1915-1919), Sərdar Fərəcov – “Şah Xətai” simfoniyasını yaradıb.

Bakıda, Ərdəbildə, Xaçmazda, Gəncədə abidələr qurulub.

Şah İsmayıl Xətai fondu, Xətai metrostansiyası, Bakıda və Gəncədə Şah İsmayıl Xətai adına küçə və prospektlər var.

Avropa Parlamentində “Şah İsmayıl” Ordeni təsis edilib.

2011-ci ildə Şah İsmayıl Xətainin təsviri ilə marka çıxarılıb.

İndi isə  Şah İsmayıl Xətainin 1993-cü ildə Bakıda ucaldılan abidəsinə, eləcə də heykəltaraşları İbrahim Zeynalov və Zakir Mehdiyevin həyatına nəzər salaq:

Abidənin memarları P. Quseynov, Q. Aliev olub.

Abidə 2007-ci ildə bərpa edilib.


2017-ci ildə yol təmirinə görə abidənin yerinin dəyişdirilməsi düşünülsə də, nəticə etibarilə təmir zamanı abidəyə toxunulmayıb.

İbrahim İsmayıl oğlu Zeynalov – Respublikanın tanınmış heykəltəraşı, Azərbaycan SSR Dövlət mükafatı laureatı, Əməkdar incəsənət xadimi, Xalq rəssamı, Azərbaycan Respublikası Prezidentinin fərdi təqaüdçüsü.

İbrahim Zeynalov 27 dekabr 1934-cü il Bakı şəhərində  anadan olub. Hələ kiçik yaşlarından sənətə (incəsənətə) maraq göstərib. 1951-ci ildə orta məktəbi bitirdikdən sonra Əzim Əzimzadə adına Azərbaycan Dövlət Rəssamlıq Məktəbinə daxil olub. 1956-cı ildə məktəbin heykəltəraşlıq şöbəsini qurtaran İbrahim Zeynalov elə həmin ildən təhsilini Xarkov Rəssamlıq institutunda davam etdirib. O, 1962-ci ildə institutun heykəltəraşlıq fakültəsində ali təhsilini başa vuraraq Bakıya qayıdıb və bütün ömrünü heykəltəraşlıq sənətinə həsr edib.

1957-ci ildən etibarən ən müxtəlif respublika, ümumittifaq və beynəlxalq sərgilərin iştirakçısı olan İbrahim Zeynalov özünün sənətkarlıq fəaliyyətini pedaqoji işlə uğurla əlaqələndirib, 1971-1973-cü illərdə Əzim Əzimzadə adına Azərbaycan Dövlət Rəssamlıq Məktəbində müəllim, 1973-1993-cü illərdə Azərbaycan Pedaqoji İnstitutunda müəllim, baş müəllim, dosent, professor və kafedra müdiri vəzifələrində çalışıb. O, 1994-cü ildən 2003-cü ilədək Rüstəm Mustafayev adına Azərbaycan Dövlət İncəsənət Muzeyinin direktoru olub.

Öz yaradıcılıq  illəri ərzində İbrahim Zeynalov Beyləqan şəhərində Mucirəddin Beylaqaninin, Bakıda Əcəmi Naxçivani, İmaməddin Nəsimi və Şah İsmayıl Xətainin, Qəbələdə İsmayıl bəy Qutqaşınlının, Azərbaycan milli kitabxanasının binasının foyesində Mirzə Fətəli Axundovun, Şamaxıda Mirzə Ələkbər Sabirin, Nəriman Nərimanovun, Hacı Zeynalabdin Tağıyevin unudulmaz obrazlarını gözəl abidələrə çevirərək mədəniyyət tariximizə həmişəlik həkk edib. Süleyman Ələsgərovun barelyefi onun son işi olub.

O, 1972-ci ildə SSRİ Dövlət mükafatı, 1976-cı ildə Azərbaycan Dövlət mükafatı laureatı olub, 1975-ci ildə Azərbaycanın Əməkdar incəsənət xadimi, 1988-ci ildə isə xalq rəssamı adına layiq görülüb.
Heykəltəraş 6 mart 2008-ci il Bakıda vəfat edib. Zeynalovla vidalaşma mərasimi 7 martda Rəşid Behbudov adına Azərbaycan Dövlət Mahnı Teatrında keçirilib. O, II Fəxri Xiyabanda dəfn edilib.

Zakir Mehdiyev

Zakir Tahir oğlu Mehdiyev 4 oktyabr 1948-ci il Gəncə şəhərində anadan olub. Əzim Əzimzadə adına Bakı Rəssamlıq məktəbini qurtarıb, pedaqoqlar: Qafar Seyfullayev və Hafiz Məmmədov.
1970-1972 illərdə bədii fondda işləyib. V. İ. Surikov adına MoskvaDövlət Rəssamlıq İnstitutunu bitirib. Mehdiyevin diplom işi “Ana” kompozisiyası olub.

Bakıya qayıdan Mehdiyev respublika, ümumittifaq və beynəlxalq sərgilərdə fəal iştirak edib. Daha sonra o, SSRİ İncəsənət akademiyasının aspiranturasını bitirib. 1979-cu ildən SSRİ Rəssamlarının İttifaqının üzvü olub.

1983- 2000-ci illərdə Mehdiyev Azərbaycan Dövlət Pedaqoji Universitetində Heykəltəraşlıq kafedrasında müəllim işləyib.

2000-ci ildən isə o, Türkiyədə Mustafa Kamal Atatürk Universitetində heykəltaraşlıq dərsi deyib.
O, Qəbələdə İsmayıl bəy Qutqaşınlının, Bakıda Şah İsmayil Xətainin və Antakyada Mustafa Kamal Atatürkün xatirələrinə ucaldılmış abidələrin, “Atatürk və Cümhuriyyət” barelyefinin müəllifidir. O, həmçinin Türkiyədə heykəltəraşlıq kompleksi, “Bilim yolu öncüleri” adlı böyük tarix alimlərinin büstlərinin xiyabanını yaradıb.

 

Yenicag.ru
Rüstəm Qasımov

 

COP29