“Bakı ilə İrəvan arasında birbaşa danışıqların başlaması faydalıdır” – ŞƏRH

“Paşinyanın sülh və əməkdaşlıqda nə qədər istəkli olduğunu danışıqlarda müəyyənləşdirmək olacaq”.

Yenicag.az xəbər verir ki, bunu BMT Baş Assambleyasının 76-cı sessiyası çərçivəsində Ermənistanın təşəbbüsü ilə xarici işlər naziri Ceyhun Bayramovun erməni həmkarı Ararat Mirzoyanla görüşü barədə fikirlərini bölüşən politoloq Elxan Şahinoğlu deyib.

Elxan Şahinoğlu qeyd edib ki, Azərbaycanla konstruktiv dialoqa hazır olmaları barədə Ermənistanın Baş naziri Nikol Paşinyanın BMT Baş Assambleyasının sessiyasında videoformatda çıxışı zamanı səsləndirdiyi fikirlərdə nə qədər səmimi olduğunu ancaq danışıqlara başlamaqla bilmək olar:

“Nikol Paşinyan artıq neçənci dəfədir ki, dialoqdan, əlaqələrin bərpasından, kommunikasiya xətlərinin açılmasından, bir sözlə sülh və sabitlikdən danışır. Azərbaycan da bunu istəyir. Paşinyanın sülh və əməkdaşlıqda nə qədər istəkli olduğunu danışıqlarda müəyyənləşdirmək olacaq. Bu baxımdan, Bakı ilə İrəvan arasında müxtəlif səviyyələrdə birbaşa danışıqların başlaması faydalıdır. Biz heç nə itirmirik. Əgər İrəvan danışıqlardan vaxtı uzatmaq məqsədilə istifadə edəcəksə, danışıqlara fasilə veriləcək, bu isə Ermənistanın problemlərini artacaq”.