Bakı-İrəvan birbaşa danışıqlarının İLKİN EFFEKTİ: “Əsirlərin mübadiləsi müsbət nəticələrin başlanğıcıdır”

“Proseslər hər iki tərəfin istədiyi kimi təkbətək formatda davam etdiriləcəksə, sülh müqaviləsinin imzalanacağı gün yaxındır”.

Bu fikirləri Azərbaycanla Ermənistan arasında əldə olunan son anlaşma fonunda birbaşa danışıqların sülh müqaviləsinin tezliklə imzalanmasına mümkün təsirini dəyərləndirən politoloq Fərhad Mehdiyev Yenicag.az-a açıqlamasında deyib.Onun sözlərinə görə, son proseslərə qədər Azərbaycanla Ermənistan arasında sülh müqaviləsinin yaxın müddətdə imzalanacağı ilə bağlı gözləntilər çox zəif idi:

“Ancaq müşahidə etdiyimiz proseslər Azərbaycanla Ermənistan arasında sülh müqaviləsinin uzaq olmayan perspektivdə imzalanacağına yönəlik ümidləri xeyli artırır.

Prezident İlham Əliyev dəfələrlə bəyan etmişdi ki, iki dövlətin vasitəçilər olmadan birbaşa danışıqlar aparması müsbət nəticə verəcək. Çünki vasitəçilər prosesə daxil olduqda, onların da maraqları nəzərə alınmalıdır. O halda nəticə etibarilə isə ortaq razılığa gəlmək çətinləşir.

Cənubi Qafqazın mühüm strateji əhəmiyyət kəsb etməsi qlobal güclərin regionla bağlı maraqlarının toqquşmasını şərtləndirir. Bu səbəbdən, bir sıra qüvvələr regionda yerləşmək və möhkəmlənmək üçün prosesdə vasitəçilik rolunu əldə etməyə çalışırlar.

Əsirlərin mübadiləsi Azərbaycanla Ermənistan arasında aparılan təkbətək danışıqların verdiyi müsbət nəticələrin hələ başlanğıcıdır. Belə olduğu təqdirdə, danışıqların pozulmasına hesablanan xarici müdaxilələrin təsiri də xeyli zəifləyir. Proseslər hər iki tərəfin istədiyi kimi təkbətək formatda davam etdiriləcəksə, sülh müqaviləsinin imzalanacağı gün yaxındır”.

Nəsimi Ələsgərli

COP29