Bakı-İzmir istiqamətində uçuşların sayı artırılır – RƏSMİ

“Azərbaycan Hava Yolları” QSC-nin (AZAL) aşağı büdcəli törəməsi – “Buta Airways” Bakı-İzmir-Bakı marşrutu üzrə xüsusi reyslərin sayını artıracaq.

Bu barədə Yenicag.az-a AZAL-dan bildirilib.

Məlumata görə, dekabrın 10-dan etibarən bu istiqamət üzrə uçuşlar həftədə iki dəfə – cümə axşamı və bazar günləri həyata keçiriləcək. Ölkədəki epidemioloji vəziyyətlə bağlı tətbiq edilmiş məhdudiyyətləri və qaydaları nəzərə alaraq aviaşirkət biletləri yalnız iki tarif üzrə təklif edir – “Standart” və “Super”.

Belə ki, “Standart” tarifinə (55 avrodan başlayaraq) çəkisi 10 kq-dan artıq olmayan və ölçüləri üç ölçünün cəmi üzrə 158 sm-dən böyük olmayan qeydiyyatdan keçən baqajın daşınması daxildir. “Super” tarifinə (75 avrodan başlayaraq) çəkisi 23 kq-dan artıq olmayan və ölçüləri üç ölçünün cəmi üzrə 158 sm-dən böyük olmayan qeydiyyatdan keçən baqajın, habelə çəkisi 10 kq-dan çox olmayan və ölçüləri üç ölçünün cəmi üzrə 118 sm-dən çox olmayan əlavə baqajın daşınması daxildir.

Hər iki tarifə ödənişsiz olaraq yer seçimi və hava limanında qeydiyyat opsiyaları daxildir.

“Təyyarəyə özünüzlə əl yükü qismində yalnız qadın əl çantası, kişi portfeli, portativ kompüter çantası (yalnız təyinatı üzrə istifadə edilməlidir) və uşaq qidası götürə bilərsiniz. “Duty Free” mağazalarından alınan əşyalar daxil olmaqla digər əl yükü növləri qadağandır.

Bakı-İzmir-Bakı marşrutu üzrə biletlər “Buta Airways” aviaşirkətinin rəsmi saytında (“Super” və “Standart” tarifləri üzrə) və rəsmi agentliklərində (yalnız “Super” tarifi üzrə) mövcuddur.

Pandemiya dövründə qeyd edilən reyslərə həm gediş, həm gəliş zamanı Heydər Əliyev Beynəlxalq Aeroportunun 1-ci Terminalında xidmət göstəriləcək.

Uçuşa yalnız Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi (TƏBİB) tərəfindən akkreditə olunmuş xüsusi laboratoriyalarda koronavirusa (COVID-19-a) dair test verən və nəticəsi neqativ olan sərnişinlər buraxılacaqdır. Testin nəticələri tibbi arayış alındıqdan sonra 48 saat ərzində etibarlıdır.

Koronavirus infeksiyasının yayılmasının qarşısını almaq məqsədilə və ölkədəki epidemioloji vəziyyətlə əlaqədar olaraq, sərnişinləri qarşılayan və yola salan vətəndaşlar aerovağzal binasına buraxılmayacaq”, – deyə aviaşirkət bəyan edib.

Xatırladaq ki, “Buta Airways”in əsası 2016-ci ilin dekabr ayında qoyulub, ilk reys 2017-ci il sentyabrın 1-də yerinə yetirilib. Donanması müasir “Embraer” tipli təyyarələrdən ibarət olan aviaşirkət Bakıda, Heydər Əliyev Beynəlxalq Aeroportunda yerləşir.