Bakı metrosu gücləndirilmiş iş rejiminə keçir – SƏBƏB

UEFA Avropa Liqası turniri çərçivəsində Bakıda keçiriləcək “Qarabağ” -“APOEL” qarşılaşması ilə bağlı “Bakı Metropoliteni” gücləndirilmiş iş rejimində çalışacaq.

Yenicag.az xəbər verir ki, bunu “Bakı Metropoliteni” Qapalı Səhmdar Cəmiyyətinin Mətbuat xidmətinin rəhbəri Bəxtiyar Məmmədov deyib.

Onun sözlərinə görə, oyun ərəfəsində stansiyalar gücləndirilmiş rejimdə çalışacaq: “Oyun Bakı vaxtı ilə 20:55-də Tofiq Bəhrəmov adın Respublika Stadionunda başlanacaq. Bununla əlaqədar əsasən stadiona yaxın olan metronun “Gənclik” və “Nəriman Nərimanov” stansiyalarına əlavə işçi qüvvəsi cəlb ediləcək. Sərnişinlərin vaxtında və təhlükəsiz daşınması üçün artıq bütün lazımi tədbirlər görülüb. Hər ehtimala qarşı ehtiyat qatarlar da hazır vəziyyətə gətirilib. Əgər ehtiyac olarsa, stansiyalarda sıxlığın aradan qaldırılması üçün qatarlar arasındakı hərəkət intervalı azaldılacaq və ehtiyat qatarlar xəttə buraxılacaq. Gücləndirilmiş rejim oyundan sonra sərnişinlərin tam təhlükəsiz mənzil başına çatdırılmasına qədər davam edəcək”.

B.Məmmədov bildirib ki, metro stansiyalarının gecə 00:00-dan sonra işləməsinə ehtiyac olmayacaq: “Oyun saat 23 radələrində başa çatacaq. Saat 00:00-a qədər də sərnişinlərin daşınması başa çatacaq. Ona görə də stansiyaların saat 00:00-dan sonra işləməsinə ehtiyac yoxdur”.

Xatırladaq ki, bu gün saat 20:55-də Bakıda Tofiq Bəhrəmov adına Respublika Stadionunda UEFA Avropa Liqası turnirində “Qarabağ” -“APOEL” qarşılaşması olacaq.

COP29