Bakı metrosu ötən ilin 202 günündə sərnişin daşımayıb

“Bakı Metropoliteni” QSC 2020-ci ildə plan üzrə 228 milyon sərnişinə xidmət göstərməli idi. Amma insanlarımızın sağlamlığı, təhlükəsizliyi naminə görülən tədbirlər siyahısına metroda sərnişindaşıma prosesinin dayandırılması da daxil edilib. İl ərzində yeraltı nəqliyyatla 74 709 237 sərnişin daşınıb. Bu nəzərdə tutulandan 153 290 763 nəfər və yaxud 67,2% azdır.

Yenicag.az xəbər verir ki, bu barədə qurumun açıqlamasında bildirilir.

Məlumatda həmçinin deyilir ki, il ərzində Bakı metrosunda sərnişindaşıma fəaliyyəti bir neçə dəfə dayandırılıb. Ümumiyyətlə, ilk dəfə, metropoliten mart ayının son 3 günü ərzində səhər saat 7-dən 9-a, axşam isə 5-dən 8-ə qədər olmaqla, yalnız 5 saat xidmət göstərib. Martın 31-i saat 22:00-dan etibarən sərnişindaşıma fəaliyyəti ilk dəfə uzun müddətə dayandırılan metropoliten mayın 9-u yenidən stansiyalarının qapılarını sərnişinlərinin üzünə açıb. İyun ayının 4-dən isə həftənin şənbə və bazar günləri fəaliyyət göstərməyib. Nazirlər Kabinetinin 3 iyul 2020-ci il tarixli 236 nömrəli “Xüsusi karantin rejiminin sərtləşdirilməsi ilə bağlı əlavə tədbirlər barədə” Qərarına uyğun olaraq, 4 iyul saat 00:00-dan sərnişindaşıma fəaliyyəti ikinci dəfə dayandırılıb. Bu dəfə metropoliten sentyabr ayının 14-də sərnişinlərinə qovuşub. Növbəti dəfə qəbul edilmiş qərarla yeraltı nəqliyyat oktyabrın 19-dan “COVID-19” virusunun yayılmasının qarşısının alınması məqsədilə əsas vəzifəsinin yerinə yetirməmək qadağası ilə üzləşib.

Beləliklə, 2020-ci il ərzində metropoliten 202 gün, ümumiyyətlə, sərnişin daşımayıb. Sərnişin daşınan 164 günün 3-də isə cəmi 5 saat daşıma xidməti göstərib.