Ötən gün “Qarabağ” – “Çelsi” oyunundan dönən azarkeşlər metroda həyəcanlı anlar yaşayıblar. Belə ki, Bakı metrosunda nasazlıq baş verib.
Yenicag.az xəbər verir ki, hadisə şahidi Cavid Cavadovun “bizimyol.info”ya verdiyi məlumata görə, vaqonun qapısı açıq ola-ola qatar hərəkətinə davam edib. Bu vəziyyət sərnişinlərin narahatlığına səbəb olub və hadisə şahidləri bunu lentə alıblar.
Məsələ ilə bağlı Bakı Metropoliteni QSC-nin mətbuat xidməti və ictimaiyyətlə əlaqələr şöbəsinin rəisi Nəsimi Paşayev bildirib ki, dünən gecə bu hadisənin “İçərişəhər”-“Həzi Aslanov” istiqamətində 10 saylı marşrut üzrə hərəkət edən qatarda baş verdiyi aydın olub:
“Hazırda məsələ araşdırılır. Aydın görünür ki, qatarın qapısında nasazlıq olub. Çünki qatarın son vaqonunun sadəcə, son qapısı açıq qalıb. Qalan bütün qapılar bağlı olub. Əslində təlimat var ki, qatar tuneldə hərəkətdə olarkən maşinistin qatarı saxlamağına qəti yol verilmir. Yəni qapıda problem olanda belə qatar növbəti stansiyaya qədər hərəkət etməlidir. Həmin stansiyada əgər nasazlıq aradan qaldırılırsa, qatar hərəkətini davam etdirə bilər. Əks halda sərnişinlər boşaldılmalı və qatar xətdən çıxarılmalıdır. Hazırda hadisənin baş vermə səbəbləri və ondan sonrakı hərəkətlər araşdırılır”.