Bakı metrosundan mühüm yenilik

“Bakı Metropoliteni” QSC-nin sədri Zaur Hüseynov stansiyalarda təmizlik işləri aparan işçilərin ştatını ləğv edib.

Yenicag.az xəbər verir ki, Z.Hüseynovun bu qərarı verməsinə səbəb metropolitenin stansiyalarında təmizlik işlərini özəl şirkətlərin birinə həvalə etməsidir.

Z.Hüseynovun bu qərarı uzun illərdir metropolitenin stansiyalarında təmizlik işləri ilə məşğul olan yüzə yaxın insanın işsiz qalmasına  səbəb olub. Bu isə ciddi narazılıq doğurub:

“Bakı Metropoliteni”nin təmizlik işçiləri artıq bu məsələ ilə bağlı hüquqlarının qorunması üçün müxtəlif dövlət qurumlarına da müraciət ünvanlayırlar. Onlar QSC-dən aldıqları kiçik məbləğ hesabına ailələrinə çörək pulu apardıqlarını deyiblər. Bir sözlə metropoliten rəhbərinin bu qərarı təmizlik işçilərini çətinlik hesabına aldıqları kiçik məvaciblərdən də məhrum edib. Şikayətçilər bildirirlər ki, QSC rəhbərinin bu qərarı onların ailələri üçün ciddi sosial problem yaradacaq.

QSC rəhbərliyi ilə şirkət arasında  razılaşma da olub. Razılaşmaya əsasən, təmizlik işçiləri sözügedən şirkətdə çalışa biləcəklər.

Amma, şirkət rəhbərliyi təmizlik işçilərinin əksəriyyətini işə götürməkdən imtina edir. Hazırda isə şirkət birinin kök, birinin yaşlı və digər bəhanələr ilə təmizlik işçiləri ilə müqavilə bağlamaqdan imtina edir. Ən “maraqlısı” isə odur ki, şirkət tərəfindən sözügedən işçilərə əmək haqqı metroda aldıqlarından da az təklif edilir”.

“Bakı Metropoliteninin” mətbuat katibi Bəxtiyar Məmmədov faktı təsdiqləyib. O, QSC rəhbərliyinin bu qərarı verməsinin səbəblərini açıqlayıb:

“2014-cü ildə QSC yarananda ölkə başçısı “Bakı Metropoliteninin” rəhbərliyinin qarşısına konkret tələblər qoymuşdu. Hazırda metroda ən qabaqcıl dünya texnalogiyalarını tətbiq etməklə iş prinsiplərini, iş sistemini müasir dünya standartları səviyyəsində mərhələli şəkildə aparırıq. Eyni prinsip insan resursları kapitalına da aiddir”.

Stansiyalarda təmizlik işləri aparan işçilərin ştatının ləğv edilməsi məsələsinə gəlincə isə QSC rəsmisi bildirib ki, bundan sonra təmizlik məsələsi “Tais İFK” MMC şirkətinə həvalə edilib: “Bunun üçün tender keçirilib, qalib müəyyənləşib. Artıq QSC ilə sözügedən şirkət arasında müqavilə bağlanıb. Şirkət supervazerləri vasitəsilə təcrübəni öyrənib. Şirkət rəhbərliyi də qərara gəlib ki, metroda təmizlik sahəsində çalışan təcrübəli işçiləri də işə götürəcək. Artıq bu yöndə də (metro stansiyanın təmizlik işçiləri və şirkət arasında) danışıqlar gedir. Kim ki şirkətdə çalışmaq istəmirsə, metropoliten tərifindən onlara kompensasiya verilib, yola salınır”.

Bəxtiyar Məmmədov qalib şirkətin metro.gov.az tender bölümündə göstərilməməsinin səbəblərini də açıqlayıb: “Bunu hər hansı məsələ ilə bağlamaq olmaz. Saytda qalib şirkətin göstərilməməsinə səbəb texniki problemdir. Yaxın vaxtlarda tenderdə qalib gələn şirkət haqqında rəsmi saytımızda xəbər yerləşdiriləcək”./Unikal.org/