Bakı metrosunun 55 illik yubliyeyi qeyd olundu

Bu gün Bakı metropoliteninin 55 illik yubileyi qeyd olunub və 6 Noyabr – Metropoliten işçilərinin peşə bayramı gününə həsr olunmuş tədbir keçirilib.

Yenicag.az xəbər verir ki, tədbiri giriş sözü ilə açan “Bakı Metropoliteni” QSC-nin sədri Zaur Hüseynov qurumun fəaliyyəti ilə bağlı danışıb. Daha sonra Bakı metrosu haqqında qısa film nümayiş olunub.

Azərbaycan İnvestisiya Holdinqinin Hüquqi təminat və dövlət qurumları ilə əlaqələndirmə departamentinin müdiri, “Bakı Metropoliteni” QSC-nin Müşahidə Şurasının üzvü Günel Cavadova metropolitençiləri 55 illik yubiley və peşə bayramları münasibətilə təbrik edib. O, metropolitenin paytaxtın sosial-iqtisadi həyatında əhəmiyyətli rolundan danışıb, metronu yüksək komfortlu, ən rahat nəqliyyat xidməti kimi dəyərləndirib.

“Bakı Metropoliteni” QSC-nin sədr müavini Hidayət Məmmədov Ulu Öndər Heydər Əliyevin metronu Azərbaycan xalqının sərvəti adlandırdığını vurğulayaraq, Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin Bakı Metropoliteni İşçilərinin Peşə Bayramı Gününü təsis edərək, metro zəhmətkeşlərinin əməyinə xüsusi önəm verməsinin qürurverici olduğunu bildirib.

Hidayət Məmmədov son illər metroda həyata keçirilən yeniliklərin müəssisəni müasir texnologiyalarla zənginləşdirməklə inkişafın ən yüksək mərhələsinə çatdırmasından, əhəmiyyətli tədbirlərdən, görülən işlərdən danışıb.

İstismar üzrə baş mühəndis Əlixan Osmanov 2014-cü il fevralın 27-də Azərbaycan Respublikasının Pezidenti İlham Əliyevin Sərəncamına görə Bakı metropoliteni və “Azərtunelmetrotikinti” SC-nin birləşdirilməsi yolu ilə “Bakı Metropoliteni” QSC-nin yaradılmasının dövrün tələbi olmasından və bu xüsusda son illərdə yeraltı yolların həyatında baş verən müsbət dəyişikliklərdən danışıb. O, çıxışında “Bakı Metropoliteni” QSC yaranan gündən struktur-kadr islahatlarına toxunaraq bunun müsbət dəyişiklikərə xüsusi təsirini qeyd edib. Yeni yaradılan istehsalat sahələri barədə də məlumat verən Əlixan Osmanov onların ümümi işin səmərəsinin xeyli artırdığını diqqətə çatdırıb. Baş mühəndis metropolitenin qarşısına qoyulan perspektiv planlardan bəhs edərkən “məqsəd Avropanın lider metropolitenləri sırasına çıxmaqdır” deyib.

Daha sonra İstanbul metropoliteninin baş direktoru Özgür Soy son illər bakılı həmkarları ilə işgüzar əlaqələrin genişləndirilməsindən, qardaş ölkələrin metropolitençilərinin qarşılıqlı səmərəli əməkdaşlığının əhəmiyyətindən danışıb.