Bakı metrosunun qrafikində dəyişiklik olacaq

20 Yanvar Hüzn Günü ilə əlaqədar Bakı metropoliteninin iş rejimində dəyişikliklər ediləcək.

Yenicag.az xəbər verir ki, “20 Yanvar” stansiyasının vestibüllərinə, platformasına və digər xidməti sahələrinə baxış keçirilib, zəruri tədbirlərin təşkili üçün tapşırıqlar verilib. Stansiyada bərpa hazırlıq tədbirləri yekunlaşmaq üzrədir.

Yanvarın 19-dan 20-nə keçən gecə “20 Yanvar” stansiyasının sütunlarına və şəhidlərin adlarının həkk olunduğu lövhələrin yerləşdiyi vestibül sahələrində divarlara qərənfil tərtibatlı çələnglər asılacaq. Stansiyanın platformasının hər iki giriş sahəsində qərənfillərdən ibarət xüsusi tərtibatlı çələng qoyulacaq.

Şəhidlərimizin xatirəsinə xüsusi ehtiram əlaməti olaraq, Yanvar ayının 20-si günün birinci yarısında “20 Yanvar” stansiyasının platformasında metropoliten işçilərindən ibarət qarovul dəstəsi düzüləcək. Bütün stansiyalarda mərkəzləşmiş radio şəbəkəsi vasitəsilə günün ruhuna uyğun vətənpərvərlik mövzusunda musiqi parçaları səsləndiriləcək. Qatarlarda stansiyaların adlarını maşinistlər səsləndirəcəklər.

“20 Yanvar”, həmçinin Şəhidlər Xiyabanına ən yaxın ərazilərdə yerləşən “İçərişəhər” və “Elmlər Akademiyası” stansiyalarında da gücləndirilmiş iş rejimi tətbiq olunacaq.

Qeyri-iş günü olsa da, ehtiyat qatarlar xüsusi qaydada nəzərdə tutulacaq və zərurət yaranacağı halda xəttə buraxılacaq.

Bütün ölkədə olduğu kimi, şəhidlərimizin xatirəsinə birdəqiqəlik sükut mərasimi 12:00-da Bakı metropoliteninin bütün stansiyalarında keçiriləcək və qatarlardan 1 dəqiqə ərzində fasiləsiz fit veriləcək. Bu məqsədlə xətlərdə olan bütün qatarlar stansiyalara çıxarılacaq. “Bakı Metropoliteni” QSC-nin rəhbərliyi və kollektivin üzvləri sükut dəqiqəsində stansiyaya gələn sərnişinlərlə, o cümlədən ictimaiyyətin nümayəndələri ilə birlikdə olacaq.

COP29