Bakı Nəqliyyat Agentliyindən avtobus qəzası ilə bağlı AÇIQLAMA

Bakı Nəqliyyat Agentliyi paytaxtda 15 nəfərin xəsarət alması ilə nəticələnən avtobus qəzası ilə bağlı məlumat yayıb.

Yenicag.az saytının məlumatına görə, bildirilir ki, yanvarın 6-sı saat 17:00 radələrində Zığ şosesində 175 nömrəli müntəzəm marşrut xətti üzrə hərəkət edən “99-XM-581” dövlət qeydiyyat nişanlı sərnişin avtobusu yoldan kənara çıxaraq dərəyə aşıb.

Hazırda hüquq-mühafizə orqanları yol-nəqliyyat hadisəsi ilə bağlı araşdırma aparır. İlkin ehtimallara görə isə hadisə sürücü ehtiyatsızlığı səbəbindən baş verib.

“Mövcud qanunvericiliyə əsasən, sürücülərin işə qəbulu daşıyıcılar tərəfindən həyata keçirildiyindən Bakı Nəqliyyat Agentliyi prosesə müdaxilə etmir. Bu isə sərnişin avtobuslarının qeyri-peşəkar sürücülər tərəfindən idarəedilməsinə şərait yaradır.

Bir daha bildiririk ki, sərnişinlərin təhlükəsizliyi və rahatlığı Bakı Nəqliyyat Agentliyinin önəm verdiyi əsas məsələlərdəndir. Sərnişinlərin təhlükəsizliyi ilə bağlı qoyulan tələblərə əməl etməyən, bu işdə səhlənkarlığa yol verən şəxslər marşrut şəbəkəsindən kənarlaşdırılacaq”, – deyə məlumatda bildirilir.