Bakı Olimpiya Stadionu SOCAR-ın balansından çıxarılıb.
Yenicag.az xəbər verir ki, bunu saytımıza açıqlamasında BOS-un mətbuat xidmətinin rəhbəri Cəmilə Sultanova deyib.
Onun sözlərinə görə, nəhəng arena “Neftçi” İdman Klubu İctimai Birliyinin balansına keçib:
“Bildiyiniz kimi, Bakı Olimpiya Stadionu SOCAR-ın balansında idi. İndi isə neft şirkətinin rəhbərliyi tərəfindən qərar qəbul olundu ki, SOCAR-ın balansında olan bütün idman qurğuları “Neftçi” İKİB-in hesabına keçirilsin və onlar tərəfindən idarə olunsun. Bununla bağlı olaraq nizamnamə kapitalı 590 milyon manatdan 1000 manatək azalıb. Bu, sırf iqdisadi bir addımdır. Bir sıra planlarımız var və gələcəkdə bunları reallaşdırmağa çalışacağıq. Stadionun istər rəhbər, istərsə də komanda heyətində heç bir dəyişikliyi olmayacaq. Bildiyiniz kimi, UEFA-nın baş katibi Teodor Teodoridis hazırda Bakıdadır. O, dünən Bakı Olimpiya Stadionunda olub. Çempionlar Liqasının və Avropa Liqasının final matçının BOS-da keçirilməsi ilə bağlı müzakirələr aparıldı. İnanırıq ki, sentyabr ayında şad xəbər alarıq”.
Qeyd edək ki, “Neftçi” İKİB-in sədri Sadıq Sadıqovdur. O, bundan əvvəl “Neftçi” futbol klubunun prezidenti kimi fəaliyyət göstərib.
Emin Səfərov
Yenicag.az