Bakı-Quba-Rusiya yolunda çatlar yaranıb – FOTO

Bakı-Quba-Rusiya Federasiyası ilə dövlət sərhədi avtomobil yolunun 132 km-lik Bakı-Gəndob hissəsində yolun inşası zamanı yol verilən konstruktiv səhvlər, həmçinin avtomobil yolu ilə əsasən Qubadan Bakı şəhərinə istiqamətində normadan artıq yüklənmiş yük maşınlarının (ümumi nəqliyyat vasitələrinin 67,82 % təşkil edir) hərəkəti nəticəsində yolun örtüyündə çatlar və dağılmış hissələr yaranıb.

Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyindən (AAYDA) Yenicag.az-a verilən məlumata görə, bu isə haqlı olaraq vətəndaşlar tərəfindən narazılıqla qarşılanır, avtonəqliyyat vasitələrinin təhlükəsiz hərəkətində problemlərə gətirib çıxarır. AAYDA tərəfindən yolda təmir-bərpa işləri başlayıb.

Təmir-bərpa işləri yolun Şabran rayonu ərazisindən başlayaraq Siyəzən və Xızı rayonlarını keçməklə Bakı şəhəri istiqamətində aparılır. İşlər yolu 130-53-cü və 28-16-cı km-lik hissələrində aparılmaqla 200 min kv.m-dən çox sahəni əhatə edir. Artıq Bakı-Quba-Rusiya Federasiyası ilə dövlət sərhədi avtomobil yolunun Bakı şəhəri istiqamətində 130-98-ci, 83-70-ci və 28-20-ci km-lik hissələrində aparılaraq yekunlaşdırılıb.

Sözügedən hissələrdə görülmüş işlərin sahəsi 130 min kv.m-ə yaxındır. Hazırda yolun 98-83-cü, 70-53-cü və 20-16-cı km-lik hissələrində təmir-bərpa işləri görülməkdədir. Anoloji işlər yolun əks istiqamətində də aparılır. Bakı-Quba istiqaməti üzrə aparılan işlər 7 min kv.m sahədə artıq bitib.

Aparılan təmir-bərpa işlərini nəzərə alaraq sürücülərdən sözügedən yol boyu hərəkətdə olarkən diqqətli olmaları, müvəqqəti yol nişanlarına və yol hərəkəti qaydalarına əməl etmələri xahiş olunur.