Bakı Şopinq Festivalı İçərişəhərdən başlanır!

Təkcə Azərbaycanda və Qafqazda deyil, bütün regionda və hətta dünyada böyük marağa səbəb olacaq Bakı Şopinq Festivalının proqramı geniş və rəngarəngdir. İlk dəfə təşkil ediləcək Bakı Şopinq Festivalı artıq start ərəfəsindədir. Bu münasibətlə, festivalın ilk günü – aprelin 10-da İçərişəhərdə bu münasibətlə şou-proqram keçiriləcək.

Əyləncə proqramı İçərişəhərin Qoşaqala qapısı tərəfdən girişində başlanacaq. İçərişəhər Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsinin yaxından dəstəyi ilə təşkil edilən, paytaxt sakinləri və şəhərimizin qonaqları üçün maraqlı və unudulmaz anların yaşanacağı açılışda Respublikanın bir sıra tanınmış incəsənət ustaları çıxış edəcəklər.

Bakı Şopinq Festivalının təşkilatçısı olan Azərbaycan Konqreslər Bürosundan verilən məlumata görə, DJ İlham Əmirovun müşayiəti ilə başlanacaq şou-proqramda “Natiq” ritm qrupu, “Qaya” ansamblı, Murad Arif, Cəbrayıl Rəsulov, Günay İbrahimli, Sabir Əhmədov, Azad Şabanov, Emiliya Yaqubova, Nurlan Növrəsli, Nura Suri və digər tanınmış müğənnilərin çıxışları, eləcə də, milli və xarici rəqslər tədbiri daha da rəngarəng edəcək.

Bakı Şopinq Festivalı bakılıları və paytaxtımızın qonaqlarını festivalın faydasından bəhrələnmək üçün tədbirlərimizə fəal qoşulmaqla, bu tarixi hadisəni birlikdə yaşamaq və təqdim ediləcək maraqlı sürprizlərin canlı şahidi olmaq üçün İçərişəhərə dəvət edir.

Xatırladaq ki, çoxdan gözlənilən Bakı Şopinq Festivalına aprelin 10-da, saat 15:00-da İçərişəhərin Qoşaqala qapısı tərəfindən girişində möhtəşəm şou-proqramla start veriləcək.

Redaktorlar üçün qeyd

Hər il təşkil ediləcək Bakı Şopinq Festivalı bu il aprelin 10-dan mayın 10-dək Azərbaycan paytaxtında keçiriləcək. Növbəti festivalın keçirilməsi bu ilin oktyabrına nəzərdə tutulub. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin 1 sentyabr 2016-cı il tarixli sərəncamı ilə təsdiq edilmiş, “Azərbaycan Respublikasında ixtisaslaşmış turizm sənayesinin inkişafına dair Strateji Yol Xəritəsi”nə əsasən, hər il keçiriləcək şopinq festivallarının təşkili Azərbaycan Respublikası Mədəniyyət və Turizm Nazirliyinin nəzdində Konqreslər Bürosuna həvalə edilib.

Aşağıdakı telefon nömrəsi və elektron poçt vasitəsilə, BSF haqqında ətraflı informasiya almaq və təşkilatçılarla əlaqə saxlamaq olar:

Telefon: 0124982063
E-mail: [email protected]
Web: www.bakushopfest.com
Media qeydiyyatı üçün: http://bakushopfest.com/for-media-inquiries/

Yeniçağ.az