Sentyabrın 15-dən Bakı-Sumqayıt xətti üzrə hərəkət edəcək qatar biletlərinin qiymətini Tarif Şurası müəyyənləşdirəcək.
Bunu “Azərbaycan Dəmir Yolları” Qapalı Səhmdar Cəmiyyətinin mətbuat xidmətinin rəhbəri Nadir Əzməmmədov deyib.
Bildirib ki, biletlərin qiyməti sentyabrın 15-dək açıqlanacaq:
“Hazırda yollara baxış keçirilib yoxlanılır. Qarşıdakı 15 gündə son tamamlama işləri gedir. Bu Bakı-Sumqayıt arasında sınaq yürüşüdür. Bakı-Sumqayəıt arasında 63 km yol təmir olunmalı idi. Artıq dünən bu proses qurtardı. Həmçinin də 2 km-ə yaxın yeni yol çəkməli idi. Yeni yolun çəkilişi də artıq bitib. Bu gündən Bakı-Sumqayıt arasında ilk işçi qatarımız hərəkət edir. Bu yol üzrə 8 elektrik qatarı sərnişinlərin istifadəsinə veriləcək. 8 qatardan 3-cü 2 mərtəbəlidir. Sərnişinlər Bakı-Biləcəri-Sumqayıt qatarı ilə 40 dəqiqəyə, Bakı-Zabrat-Sumqayıt qatarı ilə 52 dəqiqəyə çata biləcəklər. Dairəvi dəmir yolu üzərində 23 stansiya və dayanacaq olacaq. Bakı-Biləcəri-Sumqayıt qatarı Keşlə, Biləcəri və Xırdalandan keçəcək. Bakı-Zabrat-Sumqayıt üzrə hərəkət edəcək qatar isə – “Koroğlu”, Bakıxanov, Sabunçu, Zabrat, Pirşağı dayanacaqları var”.
N.Əzməmmədov biletlərin qiyməti məsələsinə də toxunub: “Biletlərin qiyməti ilə bağlı Tarif Şurasına müraciət olunub. Qiymətləri onlar müəyyənləşdirəcək. Onlar bizə məlumatı təqdim etdikdən sonra açıqlama verəcəyik. Yəqin ki qiymətlər ayın 15-dək açıqlanacaq”.
Mətbuat sözçüsünün sözlərinə görə, qatarların iş saatı sərnişinlərin sıx olduğu vaxtlarla uyğunlaşdırılacaq: “Çox güman ki, qatarlar səhər saat 6-dan işləməyə başlayacaq. Amma yenə də biz bu məsələni Sərnişin Daşıma Departamenti ilə yoxlayacağıq ki, görək sıxlıq daha çox hansı vaxtlarda olur. Bu sıxlıq daha çox Sumqayıtdan Bakıya olur. Demək olar ki, saat 6-dan 12-ə kimi sıxlıq müşahidə olunur. Əlbəttə ki, bu, nəzərə alınacaq. Eyni zamanda saat 16.00-dan başalayaraq əks istiqamətdə gedilən yolda sərnişin sıxlığı olur. Bu nüansların hər biri nəzərə alınacaq”.
Qeyd edək ki, sentyabrın 2-də saat 11:00-də Bakıdan Sumqayıta ilk işçi qatarla “Azərbaycan Dəmir Yolları” QSC-nin İnfrastruktur Departamenti, Sərnişindaşıma, Rabitə-Siqnalizasiya, Elektrik-Təchizatı Departamentinin əməkdaşları yola düşüb. Onlar yola baxış keçirib və çatışmazlıq olan yerlərə baxış keçiriblər(aznews).