Bakı-Sumqayıt qatarlarında gediş haqqı müəyyən edildi (CƏDVƏL)

trend_railway_sumgayit_120915__(19)Bakı-Sumqayıt elektrik qatarları üçün tariflər müəyyənləşdirilib.

Azərbaycan Tarif (qiymət) Şurasından Trend-ə verilən məlumata görə, Şuranın bu gün keçirilmiş iclasında “Azərbaycan Dəmir Yolları” QSC-nin müraciətinə baxılıb və Bakı-Sumqayıt-Bakı istiqamətində hərəkət edən elektrik qatarlarında sərnişindaşıma xidmətlərinin tarifləri təsdiq edilib.

Şuranın qərarı ilə Bakı Dəmir Yolu Vağzalından Sumqayıt Dəmir Yolu Vağzalınadək gediş haqqı 80 qəpik, aralıq stansiyalar üzrə isə şəhərdaxili və şəhərətrafı alternativ nəqliyyat vasitələri ilə sərnişindaşıma tarifləri və stansiyalararası məsafə nəzərə alınmaqla 20-70 qəpik arasında təsdiq edilib. Yeni tariflər 2015-ci il 15 sentyabr tarixindən qüvvəyə minir.

Tarif (qiymət) Şurasının qərarı ilə Şuranın rəsmi internet səhifəsində (www.tariff.gov.az) tanış olmaq olar.

“Azərbaycan Dəmir Yolları” QSC-nin mətbuat xidmətindən Trend-ə verilən məlumata görə, sentyabrın 15-dən etibarən Bakı-Sumqayıt marşrutu ilə elektrik qatarlarının hərəkət cədvəli qüvvəyə minəcək. Elektrik qatarları Bakı sərnişin, Keşlə, Biləcəri, Xırdalan və Sumqayıt marşutu üzrə hərəkət edəcək.

Qatarlar Bakı sərnişin stansiyasından saat 05:10, 05:30, 06:50, 16:00, 17:25, 18:25 və 19:25-də, Sumqayıt sərnişin stansiyasından isə 06:40, 07:10, 07:55, 17:10, 18:30, 19:30 və 20:30-da yola düşəcək.

Bakı sərnişin, Biləcəri və Sumqayıt sərnişin stansiyalarında post-terminallar və turnitketlər quraşdırılıb. Elektrik qatarlarına biletləri həm avtomatik köşklərdən, həm də kassalardan almaq mümkündür.

Bakı-Sumqayıt marhrutu üzrə 8 elektrik qatarı fəaliyyətdə olacaq. Bunlardan üçü “Stadler Rail Group» şirkətinin “Stadler Minsk” zavodunda istehsal olunmuş KİSS markalı ikimərtəbəli elektrik qatarı, beşi isə Riqada əsaslı təmir olunaraq ölkəmizə gətirilmiş elektrik qatarıdır.

Bakı-Sumqayıt-Bakı istiqamətində hərəkət edən elektrik qatarlarında sərnişindaşıma xidmətlərinin tarifləri

İstiqamətlərin adı Tariflər

(ƏDV ilə, manatla)

1. Bakı-Sumqayıt-Bakı qatarı
1.1. Bakı – Sumqayıt 0,80
1.2. Bakı – Biləcəri 0,20
1.3. Bakı – Xırdalan 0,30
1.4. Bakı – Keşlə 0,20
1.5. Bakı – Koroğlu 0,20
1.6. Bakı – Bakıxanov 0,30
1.7. Bakı – Sabunçu 0,30
1.8. Bakı – Zabrat 0,40
1.9. Bakı – Pirşağı 0,50
1.10. Biləcəri – Xırdalan 0,20
1.11. Biləcəri – Sumqayıt 0,60
1.12. Xırdalan – Sumqayıt 0,40
1.13. Keşlə – Koroğlu 0,20
1.14. Keşlə – Bakıxanov 0,30
1.15. Keşlə – Sabunçu 0,30
1.16. Keşlə – Zabrat 0,40
1.17. Keşlə – Pirşağı 0,50
1.18. Keşlə – Sumqayıt 0,70
1.19. Koroğlu – Bakıxanov 0,20
1.20. Koroğlu – Sabunçu 0,30
1.21. Koroğlu – Zabrat 0,30
1.22. Koroğlu – Pirşağı 0,50
1.23. Koroğlu – Sumqayıt 0,60
1.24. Bakıxanov – Sabunçu 0,20
1.25. Bakıxanov – Zabrat 0,20
1.26. Bakıxanov – Pirşağı 0,40
1.27. Bakıxanov – Sumqayıt 0,60
1.28. Sabunçu – Zabrat 0,20
1.29. Sabunçu – Pirşağı 0,40
1.30. Sabunçu – Sumqayıt 0,50
1.31. Zabrat – Pirşağı 0,30
1.32. Zabrat – Sumqayıt 0,50
1.33. Pirşağı – Sumqayıt 0,40

Təsdiq edilmiş tariflər əks istiqamətlər üzrə də eynilik təşkil edir.