Bakı – Sumqayıt yolundakı sərnişindaşımada xaos hökm sürür – İddia

Bu gün Bakı-Quba magistral yolunun 11-ci kilometrliyində, Masazır qəsəbəsi yaxınlığında sürətlə hərəkət edən “Ford-Tranzit” markalı sərnişin mikroavtobusu yol kənarındakı maneəyə çırpılaraq, 5 nəfərin ölümü və 17 nəfərin yaralanmasına səbəb olub. Baş vermiş dəhşətli qəzada vəfat edənlərin hamısı Sumqayıt Dövlət Universitetinin tələbələridir.

Azərbaycanda hələ də sərnişin avtobusları ilə bağlı məsələ problem olaraq qalır. Marşrut avtobuslarını idarə edən bir çox sürücülərin çoxu əslində, onu idarə etməyə hazır deyillər. Belə ki, onlar əksər hallarda yollarda necə gəldi sürür, sürət həddinə nəzarət etmir, bir-birilə ötüşürlər. Bu zaman avtobusda olan sərnişinlər və piyadaların taleyi isə onları qətiyyən narahat etmir. Bu vəziyyət əsasən də Bakı ətrafı qəsəbə və kəndlər üzrə işləyən marşrutlara aiddir. Bu marşrut üzrə hərəkət edən avtobus sürücüləri pul qazanmaq adı ilə salonu həddən artıq sərnişinlə doldurur. Hətta vəziyyət o həddə gəlib çatır ki, sürücü hərəkət zamanı avtobusun qapısını bağlamır və sərnişinlərdən bəziləri belə demək mümkündürsə, bütün yolu qapıdan sallana-sallana gedirlər. Hansı ki, belə vəziyyət insan həyatı üçün olduqca təhlükəlidir. Hələ onu demirik ki, avtobuslar dayanacaqdan kənar yerlərdə saxlamağı hələ də tam olaraq tərgitməyiblər. Qeyd edək ki, bir ara Nəqliyyatın İntellektual İdarəetmə Sistemi də fəaliyyətə başladı. Amma göründüyü kimi, Azərbaycan şəraitində bu sistem də uğurla işləyə bilmədi. Avtobusda qurulan kameralar da işləmir. Yenə də əksər hallarda avtobuslar sürücüləri qrafikdən kənar çıxmaqdadırlar. Görünür, yuxarıda əyləşən məmurlardan kimlərəsə və ya onların himayəsi altında olan özəl sərnişindaşıyıcı şirkətlərə bu sistemin işləməsi sərf etməyib. Eyni zamanda, onu da vurğulayaq ki, Bakıətrafı qəsəbə və kəndlərə, o cümlədən Sumqayıt istiqamətində hərəkət edən bir sıra mikroavtobuslar əslində, qanundankənar fəaliyyət göstərirlər. Məhz qanundankənar fəaliyyət göstərməyin nəticəsidir ki, marşrutlarda özbaşınalıq baş alıb gedir. Avtobus marşrutları üçün Avropada ayrıca xətlər mövcuddur. Bakıda isə bu da yoxdur. Ən əsası isə odur ki, avtobusu idarə edənlərin bəziləri əslində, onu idarə etmək hüququna malik olmayan insanlardır. Yəni sürücünün seçilməsi zamanı təəssüf ki, peşəkarlıq, bacarıq, lazımı keyfiyyətlərə cavab verməyi deyil, müəyyən tanışlıq və s. bu kimi amilləri nəzərə alırlar. Sürücülərdən bəziləri hətta kobudluqlarından da qalmır, sərnişinlə əlbəyaxa da olurlar. Bir sözlə, Azərbaycanda sərnişin nəqliyyatında hələ də özbaşınalıqlar hökm sürür. Bu özbaşınalığın qurbanı biz piyadalar oluruq.

Görəsən, Bakıda niyə avtobuslar üçün ayrıca avtobus xəttləri yoxdur? Sərnişin nəqliyyatını idarə edəcək sürücünü seçən, onları təlimatlandıran normal bir qurum yaradılacaqmı? Nə vaxta qədər sürücü özbaşınalığının qurbanı olacağıq?

Nəqliyyat məsələləri üzrə hüquqşünas Ərşad Hüseynov Yenicag.az-a açıqlamasında sərnişin daşımada mövcud olan özbaşınalıqları ona qarşı səmimi mübarizə aparılmamasında axtarmağı lazım bildi:

“Avtobuslar üçün ayrıca xətlər adətən, şəhər daxilində olur. Şəhərlərarası xətlərdə isə belə xətlər olmur. Ümumiyyətlə, şəhərlərarası xətlərdə ayrıcı xətlərə ehtiyac yoxdur. Şəhər daxilində isə müntəzəm və çoxlu sayda avtobusların hərəkət etdiyi ərazilərdə belə xətlərin olmasına icazə verilir. Amma avtobuslarda baş verən qəzalara ayrıca xətlərin olub-olmamasının heç bir aidiyyatı yoxdur. Ayrıca zolağın olub-olmamasından asılı olmayaraq, vəhşi sürücü yenə də marşrutu istədiyi kimi idarə etməkdə davam edəcək. Burada başlıca problem sərnişindaşımada olan özbaşınalıqlarla bağlıdır. Sumqayıt yolunda qanunsuz sərnişindaşımalardan illərdir ki, istifadə olunur. Başqa bir tərəfdən, müvafiq qurumlar da bir çox hallarda problemin həllinə tam ciddiliyilə yanaşmır. Sumqayıt yolunda baş verən hadisədən sonra bir müddət prosesdə bir tənzimləmə, nizamlama olacaq. Amma bir-iki aydan sonra yenə də əvvəlki tək özbaşınalıqlar baş alıb gedəcək. Deməli, sərnişindaşıma sahəsində mövcud olan problemlərin qarşısını səmimi olaraq almaq və bu hallarla mübarizə aparmaq istəyən yoxdur. Sumqayıtdan Bakıya gedən marşrutun qrafikə uyğun normal təşkil edilməsi fonunda belə bədbəxt hadisələr də baş verməz. Amma indiki halda görürük ki, bu istiqamət üzrə hərəkət edən marşrutlar əsasən qrafikdən kənar hərəkət edənlərdir. Özü də onları idarə edənlərin əksəriyyəti sürücülük peşəsinə tam olaraq yiyələnməyənlərdir. Xüsusi hazırlıq keçməmiş sürücülər əslində, marşrutları idarə etməyə buraxılmamalıdır. Amma Bakıda bir çox hallarda bunun əksini görürük. Marşrutlar ya şirkətlərə, ya da fərdi sahibkara verilir. Belədə bəzi hallarda sahibkar sürücü qismində işə kimi qəbul etdiyinə, onun sağlamlığı və peşəkarlığına ciddi diqqət vermir.

Şəhər daxilində hərəkət edən marşrutlara qoyulan kameraların işləməməsinə gəldikdə, bu da onu işlədə bilməmələrindən qaynaqlanır. Prosesi mərkəzləşdirilmiş qaydada idarə etmək lazımdır. Amma bizdə onu işlədə bilmir, sistemi qurmaqda çətinlik çəkirlər. Yəni bu sahədə də peşəkarlar yoxdur”.

ELÇİN

Yeniçağ.az