!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Bakı-Sumqayıt yolunun təmiri ətrafında süni ajiotaj yaradanların məqsədi və məntiqi

!Reklam – Yazi

Bakıdan Sumqayıt istiqamətinə gedən yolda başladılan təmir işləri ictimaiyyət arasında müzakirələrə səbəb olub. Həmin yoldan istifadə edən vətəndaşlar təmir işlərinə görə hərəkətə qoyulan məhdudiyyətin tıxaca səbəb olmasından narazılıq edirlər. Bu barədə sosial şəbəkələrdə, hətta Milli Məclisdə də müzakirələr aparılıb.

Bəziləri tərəfindən narazılığa səbəb olan təmir işləri Bakı-Quba-Rusiya Federasiyası ilə dövlət sərhədi avtomobil yolunun yenidənqurulması layihəsi çərçivəsində həyata keçirilir. Avtomobil Yolları Dövlət Agentliyindən verilən məlumata görə, yolun bu günlərdə təmirə dayanan 6-18-ci kilometrlik hissəsi 2008-ci ildə istifadəyə verilib. O gündən indiyədək, yəni 10 il ərzində təmir olunmayıb. Normativə əsasən isə hər 4-5 ildən bir yol örtüyünün aşınma qatı yenilənməlidir və hazırda bu işlər görülür.

Qurum bildirir ki, sözügedən yol örtüyünün üst qatında intensiv hərəkət və təbii faktorların təsiri ilə artıq aşınmalar yaranmışdı.

Təmir işləri aparılmasaydı 1-2 ildən sonra asfalt örtüyün alt qatında daha ciddi problemlər yaranacaqdı. Artıq o zaman yolun daha uzun müddətə bağlanılaraq təmirinə ehtiyac yaranacaqdı. Buna görə də yolun hazırda qısa müddətlik təmiri daha məqsədəuyğundur.

Onu da qeyd edək ki, agentliyin niyə yolun məhz bu günlərdə təmirə bağlanması ilə bağlı verdiyi izahat kifayət qədər əsaslandırılıb. Belə ki, qurum təmir vaxtını seçərkən orta və ali məktəblərdə dərslərin yekunlaşmasını nəzərə alıb. Təmir dərs vaxtı aparılsaydı, daha böyük problemlərin yaranmasına gətirib çıxarardı. Bu baxımdan, təmir vaxtının düzgün seçilmədiyini iddia etmək məntiqsizlikdir.

“Təmir dərs vaxtı aparılsaydı, daha böyük problemlərin yaranmasına gətirib çıxarardı. Bu baxımdan, təmir vaxtının düzgün seçilmədiyini iddia etmək məntiqsizlikdir”

Dünyanın hər yerində yol təmiri, tikintisi zamanı narahatlıq yaranır, hərəkətin intensivliyinə maneələr olur. Milli Məclisdə, sosial şəbəkələrdə bu haqda elə danışılır ki, sanki belə hal təkcə Azərbaycanda yaşanır. Bəs Avtomobil Yolları Dövlət Agentliyi bu işləri nə zaman görsün? Yaxşı olardı, tənqidçilər bu sualları cavablandırsın.

İşləri qəlizləşdirən əsas amil son günlərdə qəfildən havaların kəskin istiləşməsidir. Məsələ burasındadır ki, bu kimi təmir işləri, özü də şəhərin intensiv hərəkət olan hissəsində bir neçə ay əvvəldən planlaşdırılır, Yol Hərəkəti Təhlükəsizlik komissiyasına daxil olan bütün qurumlarla məsləhətləşib razılaşdırıldıqdan sonra həyata keçirilir. Yəni insanları narahat edən kəskin isti havanı bir neçə ay əvvəldən proqnozlaşdırmaq qeyri-mümkündür.

Digər tərəfdən, hamı yolda qalan sürücü və sərnişinlərin isti havadan çəkdikləri əziyyətdən danışır. Amma bu isti havada qaynar asfalt işlərini həyata keçirən yol işçilərini yada salan yoxdur. O işçilər də istərdilər ki, yolu havanın daha sərin vaxtlarında təmir etsinlər, lakin sərin aylarda məktəblər tətildən qayıdır. Bu baxımdan, təmirin məhz indi həyata keçirilməsi məcburiyyətdən irəli gələn bir qərardır.

Unutmaq lazım deyil ki, son illərdə Azərbaycanda avtomobil yollarının tikintisi, təmiri və yenidənqurulması istiqamətində çox böyük işlər görülüb. Ölkənin bütün əsas magistral yolları ən müasir standartlara uyğun səviyyədə yenidən qurulub. Hazırda kəndlər, qəsəbələrarası yolların təmiri istiqamətində böyük işlər aparılır.

Bakı şəhərində çoxsaylı yeni yollar inşa edilib, bütün paytaxt yolları təmir olunub. Təsadüfi deyil ki, Azərbaycan yolların keyfiyyətinə görə dünya reytinqində 36-cı yerdə qərarlaşıb. Bu, Dünya İqtisadi Forumunun ekspertləri tərəfindən hazırlanmış hesabatda əksini tapıb.

Hesabatda region ölkələrindən Türkiyə 30-cu, İran-71-ci, Gürcüstan 82-ci, Ermənistan 85-ci, Rusiya 114-cü pillədə qərarlaşıb. Azərbaycan yolların keyfiyyəti baxımından MDB ölkələri arasında birinci olub.

Bir zamanlar İran yollarının keyfiyyətindən bəhs edirdiksə, bu gün fəxrlə Azərbaycan yollarının yüksək keyfiyyətindən, müasir standartlara tam uyğun çəkilməsindən danışa bilərik.

Yol infrastrukturunun müasir tələblərə cavab verməsi hər bir ölkədə iqtisadiyyatın, turizmin inkişafı üçün ən mühüm şərtlərdən biri sayılır. Bu gün ölkənin bütün turizm bölgələri yeni avtomobil yolları ilə tam əhatə olunub.

Aydın məsələdir ki, müasir standartlara uyğun yolların çəkilməsi, təmiri əziyyət tələb edən işdir. Əlbəttə, bu əziyyətin əsas hissəsi bu işləri həyata keçirən şəxslərin üzərinə düşür. Cəmiyyət olaraq biz də təmir-tikinti işləri aparılan yollarda məhdudiyyətlərin qoyulmasından əziyyət çəkirik. Lakin keyfiyyətli yolla hərəkət etmək istəyiriksə, bir neçə günlük əziyyətə dözməyi də bacarmalıyıq. Yolu təmir edənləri tənqid etməkdənsə, işlərində uğurlar arzulayıb, təmiri vaxtında başa çatdırmalarını istəsək daha yaxşı olmazmı?

Sonda bir mühüm xatırlatma. Binəqədi şosesində yenidənqurma və təmir işləri aparılanda da sosial şəbəkələrdə narazılıq edilirdi. Amma hazırda kiminsə yadına o yol çəkilərkən müvəqqəti narahatlıq düşmür. Binəqədi şosesindən rahat istifadə edib, mənzil başına çatırıq.

Yəqin Bakı-Quba-Rusiya Federasiyası yolunda da təmir işləri bitdikdən sonra görülən işlərə baxıb razılıq edəcəyik./Musavat.com/

www.yenicag.az

3197
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv