Bakı-Tbilisi-Qars dəmir yolu bu ilin ortalarında istismara veriləcək.
Yeniçağ.Az-ın APA-ya istinadən verdiyi məlumata görə, bunu Türkiyənin nəqliyyat, dənizçilik və rabitə naziri Əhməd Arslan Qarsda QHT təmsilçiləri ilə görüşdə bildirib.
Ə. Arslan qarlı havaların işləri müəyyən qədər ləngitdiyini söyləyib: “Mart-aprel aylarında gərgin işləməklə dəmir yolunu test mərhələsinə gətirib çıxaracağıq. İnşaallah, bu ilin ortasında da bölgə və bizim üçün önəmli Bakı-Tbilisi-Qars dəmir yolu açılacaq. Qarsda tikilməsi nəzərdə tutulan lojistik mərkəz də Bakı-Tbilisi-Qars dəmir yolunun davamıdır. İkinci mərhələdə İğdır üzərindən Naxçıvana, İrana, Pakistana, hətta Hindistana qədər uzanacaq dəmir yolu layihəsinin həyata keçirilməsini önəmli sayırıq və bunun üzərində çalışırıq”.
Ə.Arslan Türkiyə-Ermənistan sərhədlərinin qapalı olmasına da toxunub: “Əgər Ermənistan işğala son qoyub, Azərbaycanla münasibətlərini normallaşdırarsa, sərhədlər o zaman açılar. Ona görə də hazırda Gürcüstanla sərhəddəki Aktaş sərhəd-keçid məntəqəsi bizim üçün çox önəmlidir. Gürcüstan istiqamətində bir tunelimiz var, onun da inşaatına başlamışıq və ilin ortalarında inşaatı başa çatdıracağıq. Biz Qarsı yollarla ətraf coğrafiya ilə birləşdirəcəyik”.
Yeniçağ.Az