Bakı-Tiflis-Qars layihəsinin yolunu kim bağlayır? “Gürcustan şantaja əl atarsa…” – Ekspert

Bakı-Tiflis-Qars dəmir yolu layihəsinin nəzərdə tutulan müddətdən 7 il keçməsinə başmayaraq, hələ də yekunlaşmaması ortaya bir sıra ciddi suallar çıxarıb.

Yenicag.Az xəbər verir ki, sözügedən dəmir yolu inşasının son olaraq bu ilin iyun ayında başa çatdırılacağı bildirilsə də, bu müddət növbəti dəfə təxirə salınıb. Virtualaz.org-un məlumatına görə, layihədə iştirak edən ölkələrin dəmir yollarının rəhbərləri bu ay ərzində növbəti dəfə bir araya gələrək, layihənin həyata keçirilməsinin gedişini müzakirə edəcəklər.

Saytın bu mövzuya həsr etdiyi materialda Fineko/abc.az agentliyinə istinadən, Türkiyədən bu layihəni əngəlləmək üçün xahiş edən “çox nüfuzlu adamlar” var. İddia olunur ki, həmin adamlar neçə illərdir ki, Azərbaycanın təşəbbüsü ilə başladılan bu dəmir yolunun tikintisini ləngidə biliblər.

Avropa dəmir yolları Agentliyinin analitiki Roman Münqe RJD-Partner Rusiya agentliyinə açıqlamasında deyib ki, dəmir yolunun açılması bu ilin sonlarında baş tutacaq. Ekspert deyir ki, magistral artıq hazırdır, lakin son tamamlama işləri aparılmalıdır. Gürcüstanın “Mardaba-Kartasxi dəmir yolları” dövlət şirkəti isə bildirir ki, Bakı-Tiflis-Qars dəmir yolunun istifadəyə veriləcəyi ilə bağlı yeni tarix 2018-ci ilin sonudur. Hansı ki, bu şirkət Gürcüstan ərazisində tikinti işlərinə cavabdehdir.

Gürcü ekspert, nəqliyyat dəhlizləri araşdırmaları Mərkəzinin rəhbəri Paata Tsaqareişvili isə deyir ki, əsas problem Azərbaycanla Gürcüstan arasındadır. Çünki tərəflər hələ vahid tarif siyasətini müəyyən edə bilməyiblər.

Xatırladaq ki, Gürcüstan öz ərazisində dəmir yolunun tikintisini Azərbaycan Dövlət Neft Fondunun ayırdığı 775 milyon dollarlıq kredit hesabına həyata keçirib. Məlumatlara görə, Gürcüstan istəyir ki, tarif məsələsində müstəqil siyasət yeritsin. Bu isə əsas investor ölkə kimi Azərbaycanı qane edə bilməz. Çünki dəhlizin uğurlu fəaliyyəti üçün vahid tarif siyasəti böyük əhəmiyyət daşıyır.

Digər tərəfdən Azərbaycan şərt qoyub ki, Bakı-Tiflis-Qars dəmir yolu ilə Ermənistan yükləri daşına bilməz. Hansı ki, bu dəmir yolunun tikintisindən ən çox narahat olan Ermənistandır və bu ölkə başa düşür ki, layihənin həyata keçirilməsi onun təcrid olunmasını daha da gücləndirəcək. Lakin belə məlumatlar var ki, Gürcüstandakı “Gürcü arzusu” hökuməti Ermənistan yüklərinin də bu dəhlizə buraxılmasına meyllidir. Azərbaycan isə təbii ki, heç bir halda buna imkan verə bilməzdi.

Göründüyü kimi, Bakı-Tiflis-Qars dəmir yolunun istismara verilməsinin ləngiməsində rəsmi Tiflisin əl atdığı manipulyasiyaların rolu böyükdür.

Layihənin yekunlaşmamasının mümkün səbəblərini Yenicag.Az-a dəyərləndirən iqtisadçı Natiq Cəfərlinin fikrincə, burada əsas məsələ maliyyə çatışmazlığıdır. İqtisadçının fikrincə, Gürcüstanın bu çərçivədə Azərbaycana qarşı hər hansı şantaj siyasəti nəticə verə bilməz və bu cəhdlər rəsmi Tiflisin öz əleyhinə çevriləcək:

“Bildiyiniz kimi, Bakı-Tiflis-Qars layihəsinin təşəbbüskarı, investoru və kreditoru Azərbaycandır. Bu ideyanın reallaşdırılması istiqamətində ilk addımlar atılanda beynəlxalq maliyyə qurumları həmin layihəni maliyyələşdirməkdən bu və ya başqa səbəblərdən imtina etdilər. Ona görə də, layihənin icrası üçün tələb olan maliyyəni iştirakçı ölkələrə məhz Azərbaycan ayırmışdı.

Layihənin yekunlaşmamasına gəlincə, bildiyimə görə bu ləngimədə əsas səbəb maliyyə çatışmazlığıdır. Məlumata görə, dəmir yolunun Azərbaycan və Gürcüstan hissəsindəki işlər əsasən, tamamlanıb. Gürcüstan-Türkiyə sərhədində müəyyən məsafədə relslərin dəyişdirilməsi və müvafiq stansiyanın tikintisi hələ tamamlanmayıb.

Türkiyədə isə işlər qeyd etdiyim kimi, yekunlaşmaq üzrədir: son bir neçə kilometrlik məsafə qalıb. Yenə deyirəm, dəmir yolunun hələ istifadəyə verilməməsi yaranmış maliyyə problemi ilə bağlıdır və məsələ yəqin ki, tezliklə həllini tapacaq.

Gürcüstanın şantaj xarakterli siyasətinə gəldikdə isə bunu istisna etmirəm. Lakin Azərbaycan rəhbərliyi də dəfələrlə bəyan edib ki, Ermənistan işğalçılıq siyasətinə son qoymayınca, İrəvanın regional layihələrdə iştirakı mümkün olmayacaq. Əgər Gürcüstan bu yanaşmasını davam etdirərsə, həmin cəhdlər onun özünə qarşı çevriləcək.

Ümumiyyətlə, qeyd olunmalıdır ki, Azərbaycan bütün imkanlarını səfərbər edərək, Bakı-Tiflis-Qars dəmir yolunu tezliklə istifadəyə verməlidir. Əgər bu məsələdə geçiksək, o zaman regional rəqiblər Azərbaycanın yubanmasından maksimum yararlanacaqlar. Burada söhbət ilk növbədə Rusiyadan gedir.

Xatırladım ki, hazırda Avropadan Asiyaya dəmir yolu daşımaları Rusiyanın “Şərq”-“Qərb” nəqliyyat dəhlizi vasitəsilə həyata keçirilir. Bir nümunəni qeyd edim: həmin dəhlizlə Çindən Avropaya – La Manş boğazına yüklər cəmi 14 günə çatdırılır və Azərbaycan öz potensial sifarişçilərinə daha əlverişli şərtlər təklif etməlidir. Bunun üçün ilk növbədə dəmir yolunu istismara vermək, optimal tariflər müəyyənləşdirmək və alternativ variantlardakı üstünlüyünü praktikada göstərməlidir”.

Milli Məclisin deputatı Elman Nəsirli də Yenicag.Az-a açıqlamasında Bakı-Tiflis-Qars dəmir yolunun nəzərdə tutulan müddətdə istifadəyə verilməməsində siyasi səbəblərin olmadığı qənaətindədir:

“2007-ci ildə əsası qoyulan Bakı-Tiflis-Qars dəmir yolu Azərbaycanın ən mühüm regional layihələrindən biridir və plana əsasən, 2010-cu ildə artıq istifadəyə verilməli idi. Lakin həmin vaxtdan artıq 7 il ötsə də, Bakı-Tiflis-Qars dəmir yolu layihəsi hələ də başa çatdırılmayıb. Məndə olan məlumata görə, dəmir yolunun Azərbaycan və Gürcüstan hissəsində işlərin 90 faizi yekunlaşıb. Yalnız Gürcüstan-Türkiyə sərhədinə yaxın ərazidə kiçik bir məsafədə yolun çəkilməsi qalıb.

Dəmir yolunun Türkiyə ərazisində isə hazır olmayan xəttin uzunluğu təqribən 76 kilometrdir. Bu, elə böyük məsafə hesab olunmasa da, Qarsda son illər temperaturun mənfi 47-53 dərəcəyə düşməsi işləri yekunlaşdırmağa mane olur.
Yəni başqa bir siyasi, yaxud iqtisadi səbəbin olduğuna dair məlumatım yoxdur. Hər halda, Azərbaycan Dəmir Yollarının rəhbəri Cavid Qurbanov layihənin yekunlaşmasının ləngiməsini dediyim səbəblə əlaqələndirmişdi.

Əgər burada Gürcüstanın Ermənistanla əlaqədar hansısa şərtləri varsa – hərçənd bu da inandırıcı deyil – o məsələ heç bir halda müzakirə mövzusu ola bilməz. Azərbaycan dövləti birmənalı şəkildə bəyan edib ki, Ermənistan işğalçılıq siyasətindən əl çəkməsə, regional layihələrdə iştirakına imkan verilməyəcək. Eyni zamanda, layihənin tezliklə istismara verilməsi iştirakçı ölkələrin hər birinin marağına uyğundur”.

A.Zeynalov
Yenicag.Az

COP29