Bakı və Vaşinqton münasibətlərinə AYDINLIQ GƏTİRİR: “Baydenin dövründə Azərbaycan 4 il itirdi”

“Prezident İlham Əliyev Münxendə CGTN (Çin Qlobal Televiziya Şəbəkəsi – red.) Televiziyasına maraqlı və əhəmiyyətli müsahibə verib. Müsahibə zamanı ölkə başçısı regional və qlobal məsələlərə dair vacib fikirlər səsləndirib. Jurnalistin Azərbaycan-ABŞ əlaqələri ilə bağlı sualına cavab verən Prezident bu mövzuda daha əvvəl də fikirlərini bildirib. Hətta dövlət başçısı Rusiya televiziyasına verdiyi müsahibədə hələ indiki administrasiya hakimiyyətə gəlməmişdən əvvəl məsələyə dair uzaqgörən proqnozlarını paylaşmışdı”.

Bunu Yenicag.az-la söhbətində Milli Məclisin deputatı Vüqar İskəndərov deyib.

Millət vəkili Prezident İlham Əliyevin CGTN-ə müsahibəsində səsləndirdiyi mühüm fikirlərə münasibət bildirib.

V. İskəndərovun fikrincə, Prezident İlham Əliyevin siyasi analitik qabiliyyəti və hadisələri öncədən dəyərləndirməsi onu beynəlxalq arenada “siyasi qrossmeyster” kimi tanıdır:

“Onun ABŞ-nin Tramp administrasiyası, bu ölkənin beynəlxalq siyasəti və regionla bağlı söylədiyi fikirlər hazırda reallıqda öz əksini tapır. Bu dəfə də Prezident İlham Əliyev Çin telekanalına müsahibəsində bildirib ki, Bayden administrasiyası dövründə Azərbaycan 4 il itirdi. Halbuki Trampın prezidentliyi dönəmində Azərbaycan-ABŞ münasibətləri normal inkişaf edirdi. Təəssüflər olsun ki, Baydenin komandası Azərbaycana və ümumiyyətlə, bölgəyə fərqli yanaşma sərgilədi. Bu isə yalnız Cənubi Qafqazla məhdudlaşmır, ümumilikdə Bayden administrasiyasının xarici siyasətində ciddi dəyişikliklər baş verdi”.

Deputatın qənaətinə görə, Tramp administrasiyası ilə Azərbaycanın yaxşı əlaqələrinin olduğunu vurğulayan Prezident İlham Əliyev qeyd edib ki, o, bu münasibətlərin yenidən bərpa olunacağına inanır:

“Çünki Tramp indiki Ermənistan hakimiyyətinin Bayden administrasiyasına necə yaxın olduğunu, 2020-ci il prezident seçkiləri zamanı Ermənistan siyasi elitasının Demokrat Partiyasına açıq dəstək verdiyini və Trampa qarşı xoşagəlməz fikirlər səsləndirdiyini yaxşı bilir. Ermənistanın ABŞ-dəki səfiri o dövrdə Demokratlara tam dəstək göstərmiş, Trampın yenidən seçilməsi isə Ermənistan hakimiyyətində ciddi məyusluq yaratmışdı”.

“Prezident İlham Əliyev qeyd edib ki, Tramp administrasiyası bu detalları nəzərə alacaq və ABŞ-dəki sonuncu seçkilərdən sonra vəziyyət dəyişə bilər. Artıq bunun ilk siqnalları da görünməkdədir. Paşinyanın ABŞ-yə son səfəri zamanı üzləşdiyi fiasko da bunu deməyə əsas verir. Azərbaycan hakimiyyəti ABŞ ilə münasibətlərin gələcəyinə nikbin baxır və hesab edir ki, Tramp hakimiyyətə gəldiyi təqdirdə, Bayden administrasiyasının yaratdığı siyasi soyuqluq və problemlər aradan qalxacaq, iki ölkə arasındakı əlaqələr yenidən əvvəlki müsbət məcraya yönələcək”, – deyə o, fikirlərini tamamlayıb.

Rafi Müslümov