Bakının Xəzər rayonunda 1962-ci il təvəllüdlü Namiq sosial yardım düzəltmək adı ilə Kamilə qarşı dələduzluq edib.
Yenicag.az xəbər verir ki, Namiq tamah niyyəti ilə özgənin əmlakını talama məqsədi ilə etibarından sui-istifadə etmə və aldatma yolu ilə vahid qəsdlə 2019-cu ilin fevralın əvvələrindən sonuna kimi olan müddət ərzində Kamilə və qohumlarına sosial müavinət düzəldəcəyi adı ilə aldadıb.
O, Kamildən hissə-hissə olmaqla 4 dəfəyə ümumilikdə 9000 manat alıb.
Hadisəni törədən Namiqin barəsində Cinayət Məcəlləsinin 178.2.4-cü (xeyli miqdarda ziyan vurmaqla dələduzluq törətmək) maddəsi ilə ittiham elan edilib.
Cinayət işi üzrə təqsirləndirilən şəxs qismində ifadə verən Namiq ona elan olunmuş ittiham üzrə özünü təqsirli bilib. O bildirib ki, zərərçəkmiş Kamil onun həmyerlisidir, onu 15 ildən çoxdur tanıyır və yaxşı münasibətləri var: “Çoxlu borclarım yaranmışdı, maddi sıxıntıları olub. Buna görə də özümə məxsus avtomobilimi satdım. Həmçinin özümdə olan pulla həmin borclarımı ödədim. Mənə yenə pul lazım oldu. Çıxılmaz vəziyyətdə olduğuma görə Kamilə bildirdim ki, 300 manat müqabilində sosial müavinət düzəldə bilirəm. Kamil də özünün və qohumlarının sosial müavinətə ehtiyaclarının olduqlarını, mənimlə bu barədə ətraflı danışacağını dedi”.
Təqsirləndirilən şəxs qeyd edib ki, daha sonra Kamil ümumilikdə özü də daxil olmaqla 30 qohumunun sosial müavinət düzəltmək istədiklərini bildirib: “Mən həmin məsələnin 9000 manata əmələ gələcəyini bildirdim. Kamil də dedi ki, sosial müavinət istəyən qohumlarının bir qismi rayondadır, digər qismi isə bir neçə gün ərzində pul əldə edib verəcək. Buna görə də Kamil ümumilikdə 30 qohumunun sosial müavinət düzəltmək üçün pullarını mənə hissə-hissə olmaqla 2019-cü ilin fevralında 4 dəfəyə verdi. Həmin pulla borclarımı qaytardım. Fikirləşdim ki, Kamil tanışıdır, barəmdə şikayət etməz. Mən də hissə-hissə olmaqla həmin pulu ona qaytararam”.
Təqsirləndirilən şəxs deyib ki, sonradan maddi durumu pis olduğuna görə həmin məbləği qaytara bilməyib. Onun sözlərinə görə, ilk dəfə törətdiyi əməlindən peşmandır, zərərçəkmiş şəxsə dəymiş maddi ziyanı məhkəmənin gedişində tamamilə ödəyib, onunla barışıb.
Bu cinayət işinə Xəzər rayonu Məhkəməsində baxılıb.
Məhkəmənin hökmü ilə Namiq 2 il 11 ay 28 gün müddətə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilib.
Təqsirləndirilən şəxsin yaşadığı ünvanı gecə saat 24.00-dan səhər saat 07.00-dək tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, Bakı şəhəri ərazisini tərk etməmək, məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələrini yerinə yetirilməsi tapşırılıb.
Təqsirləndirilən şəxsin üzərinə kütləvi tədbirlərdə iştirak etməmək vəzifəsi qoyulub. Hökmün icrasına nəzarət təqsirləndirilən şəxsin yaşayış yeri üzrə Bakı şəhər Probasiya İdarəsinə həvalə edilib./demokrat.az