Bakıda 4 tibb müəssisəsi bir mərkəzdə birləşdirildi

11 nömrəli Birləşmiş Şəhər Xəstəxanasının bazasında yaradılan Nizami Tibb Mərkəzi fəaliyyətə başlayıb.

Yenicag.az-ın məlumatına görə, İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin İdarə Heyətinin sədri Zaur Əliyev Tibb Mərkəzinin fəaliyyəti ilə tanış olub.

Beş mərtəbəli tibb müəssisəsi 74 çarpayılıqdır. Burada təcili tibbi yardım, poliklinika, laboratoriya, funksional diaqnostika, stasionar nevrologiya və reanimasiya şöbələri fəaliyyət göstərir. Bütün şöbələr müasir tibbi avadanlıqlarla təchiz olunub. Funksional diaqnostika şöbəsində yeni nəsil kompüter tomoqrafiya, rentgenoqrafiya və flüoqrafiya aparatları var. Reanimasiya şöbəsində insultlu xəstələrə tibbi xidmətlərin göstərilməsi nəzərdə tutulub. Tibb müəssisəsinin Laboratoriya şöbəsində kliniki və biokimyəvi analizlərin aparılması mümkündür.

Qeyd edək ki, Nizami Tibb Mərkəzi özündə dörd tibb müəssisəsini birləşdirir. Bunlar 11 nömrəli Birləşmiş Şəhər Xəstəxanası, 1 nömrəli Uşaq Yoluxucu Xəstəliklər Xəstəxanası, 7 nömrəli Doğum Evi və “Azərsutikinti” Xəstəxanasıdır. Sözügedən tibb müəssisələrinin fəaliyyəti Nizami Tibb Mərkəzi tərəfindən həyata keçiriləcək.