Bakıda 7-ci mərtəbədən yıxılan uşaq sağ qaldı – VİDEO

Bakıda 7-ci mərtəbədən yıxılan uşaq sağ qalıb.

Yenicag.az xəbər verir ki, həkimlər onun möcüzə nəticəsində sağ qaldığını bildirirlər. Hadisə Nərimanov rayonu, Əliyar Əliyev küçəsində baş verib. 4 yaşlı Kənan Əliyev binanın 7-ci mərtəbəsində yerləşən evlərinin pəncərəsindən yerə yıxılıb.

Körpənin həyatını ağac xilas edib. Atası Nəsiyət Əliyev və bibilərinin sözlərinə görə, pəncərədə ağcaqanad əleyhinə tor olub. Kənan, pəncərədən boylanarkən, tor qarışıq yıxılıb. Həyətdəki ağacın üzərinə düşən uşaq, xoşbəxtlikdən sağ qalıb.

1 saylı Şəhər Kliniki Xəstəxanasına aparılan uşaq, hazırda reanimasiyadadır. Kəllə-beyin travması almayan uşağın çanaq sümüyü qırılıb, nəfəs almasında problem yaranıb. Hazırda Kənanın huşu üzünə gəlib. O, ailəsi ilə söhbət də edir.

Qeyd edək ki, son vaxtlar valideyn diqqətsizliyi səbəbindən tez tez belə hadisələr baş verir.