Bakıda 7 manata dönər satan restoran… – REPORTAJ

timthumbMaddi durumu yaxşı olan insanlar üçün bəlkə də Bakı ideal şəhərdir. Çünki ən bahalı geyim dükanları, restoranlar, kafelər Bakıda fəaliyyət göstərir. Üstəlik, onların sayı günbəgün çoxalır.
Bu tipli yerlər müştərilərinə yüksək xidmət göstərir və qarşılığında yüksək məbləğlər tələb edirlər. Bu xidməti qarşılaya biləcək şəxslər belə məkanların müştərisi ola bilər. Lakin Bakıda elə məkanlar var ki, müştəriyə heç də yüksək keyfiyyət təqdim etmirlər. Lakin yüksək qiymətlər tələb edirlər.

Musavat.com saytı olaraq bu gün bunlardan biri olan “Kasap Döner” haqqında bəhs edəcəyik.
Bu məkanın diqqətimizi çəkməsinə səbəb, oxucularımızdan gələn şikayətlər oldu. Şikayətdə bildirilirdi ki, məkanda müştərilərə hər şey həddindən artıq baha qiymətə satılır. Bu da haqlı olaraq müştərilərin narazılığına səbəb olur. Məlumat əsasında adıçəkilən dönər evinə yola düşdük.
Yasamal rayonu, Ayna Sultanova küçəsi 56 ünvanında yerləşən “Kasap Döner” restoranına müştəri kimi daxil olduq. Əyləşdik və menyu ilə tanış olduq. Qiymətlər həqiqətən də inandırıcı olmayacaq qədər bahalı idi.
Misal üçün hər yerdə yeyə biləcəyimiz dönər burada ayrı bir adda və qiymətdə təqdim edilirdi. Dönərlər 4 ölçüdə – S, M, L, XL formasında satılır.
Qiymətlər də buna görə dəyişir:
– S ölçüdə olan dönərin qiyməti 3.50 AZN;
– M 4.90 AZN;
– L 7.00 AZN;
– XL 8.40 AZN.
Ofisiantı çağırıb, qiymətlərin nə üçün bu qədər baha olduğunu soruşduq. Cavab isə belə oldu: “Bizdə bişirilən ətlər digər dönər evlərində olduğu kimi, Hindistandan gətirilmir. Təmiz ət bişiririk. Ustalarımız da Türkiyədən gəliblər. Qiymətlər buna görə fərqlidir”.
– Tutaq ki, dönər üçün bir bəhanəniz var. Bəs, koka-kola niyə 2 manatadır? Ayran niyə 1.75 AZN-dir? Adi su niyə 1.25 AZN-dir?
– Yəqin ki, məkana görədir.
– Necə yəni..?
– Restoranın yeri ilə bağlı ola bilər.
– Bura şəhərin mərkəzi deyil, Nizami küçəsi deyil… Yasamal rayonudur, axı…
Restoranın xüsusi bir özəlliyi bəzi masalarda müştərilərə pulsuz internet istifadəsi üçün şəraitin yaradılmasıdır. Amma son zamanlarda bu xidmət də geniş yayılıb və buna görə müştərilərdən 2-3 dəfə artıq pul alınmır.
Biz də normal müştəri kimi “M” ölçüdə dürüm-dönər və bir ədəd ayran sifariş etdik. Dönərin gəlişini xüsusi ilə gözləyirdik. Çünki 4 manat 90 qəpik ödəyəcəyimiz dönərin dadı maraqlı idi.
Sifarişimiz gəldi, dönəri yedim. Nə dadında, nə də tərkibində xüsusi bir dəyişiklik hiss etmədik. Dəyişiklik sadəcə, qiymətdə idi. Başqa yerdə eyni dönəri ən pis halda, 2 manata ala bilərdik. Ayranda da xüsusi bir dəyişiklik yox idi. Bir sözlə, hər yerdə yediyimiz dönərə bəzək vurub, 2-3 dəfə baha satırlar.
Orada olduğumuz müddətdə bir neçə müştəri də gözə dəyirdi. Onlar da əsasən tələbələrdən ibarət idilər. Bu da marağımıza səbəb oldu. Çünki tələbələr əsasən ucuz yerləri axtarırlar. Hər gün burada dönər yemək hər tələbənin cibinə uyğun deyil.
Bir neçə tələbə bu restorana üstünlük versə də, digərləri “Kasab Dönər”ə yaxın durmurlar. Misal üçün ATU-nin tələbəsi Günel xanım qiymətlərin baha olmasından şikayətləndi: “Mən burada cəmisi bir dəfə olmuşam. O da tələbə yoldaşlarımla… 5 nəfər idik. 50 manata yaxın hesab ödəməli olduq. Və oraya bir daha ayaq basmırıq. Adi bir dönəri 4-5 manata satırlar. Ən böyük dönərə 100 qram ət vururlar. Onu da 7-8 manata satırlar. Bir kilo ətin qiymətindən də bahalıdır. Burada bir dönərə verəcəyim pulla 50 metr irəlidəki kafedə dönər də yeyərəm, ayran da içərəm. Bəlkə bir dönər də rəfiqəmə alaram. Bir sözlə, bu restoran bizim kimi tələbələr üçün deyil, varlı ailələrin uşaqları üçündür”.
Restorandan çıxan müştərilərdən biri ilə də söhbətləşdik:
– Burada tez-tez olursunuz?
– Xeyr… Birinci dəfə idi.

– Qiymətlər və xidmət sizi qane etdimi?
– Xidmətdə xüsusi bir şey yox idi. Adi bir dönəri 5 manata satırlar. Çox bahadır. Çox ac idik. Ac olmasaydıq, oturduğumuz kimi də qalxıb, gedərdik. Restoran universitet yolundadır. Buranın müştərisi əsasən tələbələr olacaqlar. Bunu nəzərə almaq lazımdır.
“Kasab Döner” Türkiyədə tanınan “fastfood” restoranıdır və illərdir ki, fəaliyyət göstərir. İddialara görə, bu restoranın Bakıdakı filialının sahibi Naxçıvan Muxtar Respublikası Ali Məclisinin sədri Vasif Talıbovun iki oğlundan biri olan Rza Talıbovdur.
Sahibkarlara qiymət məsələsində təzyiq göstərmək olmaz. Bu, qanuna ziddir. Amma onlar da ədalətli olmağa çalışmalıdırlar və müştərilərin imkanlarını nəzərə almalıdırlar.

Yenicag.az